21 avqust 2026 11:49
83

ABŞ səfiri İsrail və Türkiyənin real münaqişədən uzaq olduğunu düşünür

ABŞ Suriyada gərginliyin növbəti mərhələsi fonunda İsrail və Türkiyənin birbaşa qarşıdurmaya yaxınlaşdığı qənaətində deyil.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "Reuters" agentliyinə bildirib.

"Mən işin bu həddə çatdığını düşünmürəm. Hətta buna yaxın olduğumuzu da zənn etmirəm", — deyə Hakabi qeyd edib.

O əlavə edib ki, ABŞ artıq İsrail, Türkiyə və Suriya arasında əlaqələrin deeskalasiyası mexanizmini qurmağa başlayıb: "Proses artıq işə salınıb, onu təkmilləşdirmək, effektiv fəaliyyət göstərəcəyinə və hər kəsin orada iştirak edəcəyinə əmin olmaq lazımdır. Mənə elə gəlir ki, biz doğru yoldayıq".

Səfir həmçinin qeyd edib ki, İsrailin Suriyadakı hərəkətləri məhdud xarakter daşıyıb və Türkiyənin sərt reaksiyasına səbəb olmamalıdır. "İsrail Türkiyənin cənuba doğru irəlilədiyini görürdü və bunu potensial təhlükə kimi qiymətləndirirdi. Lakin İsrail insan tələfatına və ya ciddi maddi ziyana səbəb olacaq addımlar atmayıb", — deyə Hakabi vurğulayıb.