İsveçrənin neytrallığı ilk növbədə hərbi münaqişələrə müdaxilə etməmək deməkdir və bu, iqtisadi sanksiyaların tətbiqinə mane olmur.
“İki sahil” xəbər verir ki, bu fikri konfederasiyanın xarici işlər naziri İnyasio Kassis "Neue Zürcher Zeitung" qəzetinin daimi neytrallıq haqqında referendum təşəbbüskarlarının tənqidlərinə münasibət bildirmək xahişinə cavab olaraq deyib.
"Neytrallıq hərbi baxımdan müdaxilə etməmək deməkdir və biz heç vaxt bunu etməmişik", — deyə o, qeyd edib.
Təşəbbüskarların fikrincə, hökumət Aİ-nin ardınca Rusiyaya qarşı sanksiyaları qəbul etməklə bu prinsipi pozub.
Nazirin iddiasına görə, Moskvanı hədəf alan iqtisadi sanksiyaların tətbiqi Rusiyanın Ukraynada başladığı xüsusi hərbi əməliyyat işığında neytral dövlətlər üçün hüquqi baxımdan heç bir problem yaratmır.
İsveçrə hökuməti Rusiyaya qarşı ardıcıl qeyri-dost addımlarına baxmayaraq, beynəlxalq münasibətlərdə öz neytrallığını saxladığını iddia etməkdə davam edir. Xüsusilə də anti-Rusiya sanksiyalarından söhbət gedərkən İsveçrə tərəfi bu prinsipə əməl olunmasını Bernin məhdudiyyətlərin müəllifi olmamasında, sadəcə üzvü olmadığı Avropa İttifaqının nümunəsini izləməsində görür.