21 avqust 2026 20:55
113

Müsahibə ikitərəfli münasibətlərin mahiyyətini də göstərdi, onun istiqamətlərini də

Azərbaycanın dünyanın əksər dövlətləri ilə ikitərəfli münasibətləri onun dünyəvi siyasi nüfu­zu­nun səviyyəsinin göstəricisidir. Bu münasibətlər sosial həyatın əksər sahələrini əhatə etdiyinə görə siyasi münasibətlər müstəvisində qarşılıqlı iqtisadi inkişafın zəmanətinin tərkib hissələrindən biri olub. Azərbaycanın türkdilli dövlətlərlə münasibətləri daha dinamikdir, daha həssasdır, təkcə siyasi baxımdan deyil, həm də milli çalarlar baxımından. Azərbaycanla Özbəkistan arasında mü­na­sibətlər də məhz bu ülgüdə inkişaf edib, inkişaf et­mək­dədir. Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də bunun təsdiqidir.

Azərbaycanla Özbəkistan arasında münasibətlərin dərin qarşılıqlı rəqabətə əsaslandığını, bu iki dövlət arasında ortaq tarixin, mədəniyyətin, mənəvi dəyərlərin olduğunu, bu münasibətlərin son illərdə yüksək inkişaf səviyyəsinə çatdığını xatırladan dövlət başçımız bu iki dövlət arasında siyasi dialoqun da yüksək səviyyədə olduğunu bildirərək dedi: “2024-cü ilin avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana döv­lət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəf­daşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Mü­qa­vi­lə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəm­lən­dirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da güc­lən­dir­di və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı”.

Dövlət başçımız müsahibəsində ötən illərdə Azərbaycanla Özbəkistan arasında davam et­miş münasibətlərin coğrafiyasını da xatırlatdı, bu xatırlatma ehtiram idi, tərəfdaşlığın daha da yük­sə­lişinin inamı idi. İkitərəfli münasibətlər üçün belə bir tərəfdaşlıq həmişə böyük uğurlar demək­dir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində qürurla bu mə­qam­­dan da söz açdı: “ 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbay­can ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləş­dirilməsi üçün mühüm institusional mexanizmə çevrildi. Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın artıq Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialo­qun ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir. Bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, ener­ji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq təd­bir­lər­i ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını bir­ləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Əminəm ki, qarşıdakı səfər də ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da genişləndiril­məsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərimizin möhkəmlən­di­rilməsi nöq­teyi-nəzərindən böyük əhəmiyyətə malik olacaq”.

Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Öz­bəkistan İnvestisiya Şirkətinin ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrildiyini, Hökumətlərarası Komissiyanın iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynadığını, Özbəkistanın OZLITINEFTGAZ institutu ilə “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəs­si­səsinin 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərdiyini, xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələrin uğurla inkişaf etdiyini, ... bildirən dövlət başçımız dedi ki, “Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqə­lə­rinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zən­gin­ləşdirir. Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır. 2023-cü və 2025-ci illərdə Azər­bay­can Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniy­yəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində “Şuşa Günləri” keçirilib. Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib. Biz fəxr edirik ki, qardaş ölkəmizin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azər­baycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır. Keçən il əziz qardaşım Prezident Şavkat Miromonoviçlə birlikdə Bakının mərkə­zində təməlini qoyduğumuz 5 hektar sahəsi olan “Özbəkistan” parkı qardaşlığımızın daha bir rəmzinə çevriləcək. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər və layihələr iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın ge­niş­ləndirilməsində böyük əhəmiyyətə malik­dir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkə­ləri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əmək­daş­lığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini də xatırladaraq məşvərət görüşləri çərçivə­sində aparılan diskussiyaların region ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndir­məyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə mü­hüm təşəb­büs­ləri həyata keçirməyə imkan verdiyini də qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnforma­si­ya Agentliyinə verdiyi müsahibə iki dövlət arasında münasibətlərin mahiyyətini də göstərdi, onun istiqamətlərini də, mahiyyətin, istiqamətlərin hardan qaynaqlandığını da. Müsahibə belə bir təəssü­ratla tarixləşdi...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı