Ümummilli lider Heydər Əliyevin fəaliyyətini tədqiq etdikcə, onun siyasi düşüncəsində Makiavellinin əsərlərində irəli sürdüyü bəzi prinsiplərlə maraqlı paralellər görmək mümkündür. Burada söhbət eyni fəlsəfədən yox, dövlət, hakimiyyət, siyasi sabitlik və liderlik anlayışlarına realist yanaşmadan gedir.
Makiavelli siyasətdə hadisələrə arzu olunan mənzərədən yox, mövcud reallıqdan çıxış etməyi vacib sayırdı. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində də bu yanaşmanı görürəm. O, qərarlarını konkret tarixi şəraitin, cəmiyyətin imkanlarının və dövlətin qarşısında duran təhlükələrin nəzərə alınması üzərində qururdu.
Makiavellinin düşüncəsində güclü lider yalnız qərar verən şəxs yox, dövlətin gələcəyini əvvəlcədən görə bilən siyasi iradə sahibi kimi təqdim olunur. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində də uzaqgörənlik xüsusi yer tutur.
Məncə, onun siyasətinin əsas xüsusiyyətlərindən biri ani siyasi nəticədən daha çox dövlətin uzunmüddətli maraqlarını düşünməsi idi.

Burada daha bir fəlsəfi yaxınlıq ortaya çıxır. Makiavelli üçün dövlətin mövcudluğu siyasi nizamın əsas şərtidir. Ümummilli lider Heydər Əliyevin düşüncəsində isə dövlətçilik milli iradənin, müstəqilliyin və siyasi sabitliyin dayağı kimi qəbul olunur. Bu baxımdan liderlik şəxsi hakimiyyət məsələsindən daha geniş məna qazanır və dövlətin taleyi ilə bağlanır.
Bu düşüncənin mühüm tərəflərindən biri də siyasi varislikdir. Dövlətçilik strategiyası yalnız bir siyasi liderin fəaliyyəti ilə məhdudlaşdıqda onun davamlılığı zəifləyə bilər. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi isə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın son illərdə qazandığı siyasi, iqtisadi və hərbi uğurlara baxdıqda, uzunmüddətli dövlət strategiyasının davamlılığının nəticələrini görmək mümkündür.
Xüsusilə 2020-ci il Vətən müharibəsində əldə olunan Zəfər və 2023-cü ildə ərazi bütövlüyünün tam bərpası bu siyasi xəttin mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər. Mənim üçün burada əsas məsələ nəticənin özü ilə yanaşı, həmin nəticəni mümkün edən ardıcıl dövlətçilik düşüncəsi, siyasi iradə və uzunmüddətli strategiyadır.
Makiavelli siyasi realizmin nəzəri əsaslarını araşdırırdı. Ümummilli Lider Heydər Əliyev isə mürəkkəb tarixi şəraitdə dövlətçilik siyasətini praktik müstəvidə həyata keçirdi. Prezident İlham Əliyevin bu siyasi xətti davam etdirməsi isə dövlətçilikdə varisliyin strateji əhəmiyyətini göstərir.
Bu gün qarşıda duran əsas məsələ qazanılanları qorumaq, dövlətçilik iradəsini möhkəmləndirmək və Azərbaycanın gələcəyini daha böyük hədəflərlə düşünməkdir. Çünki dövlətçilik bir nəslin işi ilə tamamlanmır, hər yeni nəsildə daha da güclənir.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Azərbaycan və Özbəkistan çoxtərəfli müstəvidə əməkdaşlığı uğurla inkişaf etdirirlər
Müsahibə ikitərəfli münasibətlərin mahiyyətini də göstərdi, onun istiqamətlərini də