22 avqust 2026 13:13
129

Cənubi Afrikada boks üzrə keçmiş dünya çempionu öldürüldü

Cənubi Afrikadan olan boks üzrə keçmiş dünya çempionu Zolani Tete Cənubi Afrikanın Mdantsane şəhərində, evinin yanında öldürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə SABC radiostansiyası məlumat verib.

Qeyd olunur ki, Zolani Tete məşqdən qayıdarkən evinin qarşısında maşını saxlayıb və darvazanın açılmasını gözləyib. Elə bu an balaklava taxmış iki silahlı kişi maşına tərəf qaçıb və atəş açıb. 38 yaşlı boksçu yerindəcə ölüb, maşında olan qadın isə çoxsaylı güllə yaraları alıb. Hazırda o, xəstəxanadadır və həkimlər onun həyatı uğrunda mübarizə aparırlar. Polis hücum edənləri axtarır.

2014-15-ci illərdə Zolani Tete IBF versiyası üzrə ikinci yüngül çəki dərəcəsində dünya çempionu olub. O, 2017-ci ildən 2019-cu ilə qədər WBO versiyası üzrə yüngül çəki dərəcəsində dünya çempionu tituluna sahib olub. Tete titul döyüşündə ən sürətli nokaut üzrə Ginnes rekorduna sahibdir - 11 saniyə (2017-ci ildə WBO titulunu qoruyarkən Siboniso Qonyiyə qarşı). 2022-ci ildə Ceyson Kanningem üzərində qələbədən sonra Tete dopinq testindən keçə bilməyib və 2026-cı ilin iyul ayının sonuna qədər dörd il müddətinə diskvalifikasiya edilib. Son aylarda Tete rinqə qayıtmağa hazırlaşırdı.