Bu ilin sonunadək Türkiyə Hərbi Hava Qüvvələrinin bütün F-16 Blok 30 qırıcılarının modernləşdirilməsinin başa çatdırılması planlaşdırılır.
“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya parkının modernləşdirilməsi “Özgür” (“Azad”) layihəsi çərçivəsində həyata keçirilir.
F-16 Blok 30 təyyarələrinin ilk partiyası artıq Hərbi Hava Qüvvələrinə təhvil verilib. Hazırda Blok 40 və Blok 50 versiyalı qırıcıların modernləşdirilməsi həyata keçirilir.
Layihə çərçivəsində təyyarənin 1200-dən 1500-dək detalı yenilənir ki, bu da F-16-ların istismar müddətini 8 min saatlıq uçuşdan 12 min saatlıq uçuşa qədər artırır.
Təyyarələrdə, digər avadanlıqlarla yanaşı, “MURAD AESA” adlı müasir aktiv fazalı antena qəfəsi, eləcə də Türkiyə istehsalı olan “Gökdoğan”, “Bozdoğan”, “Çakır”, “Gezgin” və “SOM” sursatları quraşdırılır. Bununla da Türkiyə raketlərin və digər sursat növlərinin istifadəsi ilə bağlı xarici lisenziyalar problemini aradan qaldırır. Təyyarələrin bort kompüterləri də dəyişdirilir.