23 avqust 2026 17:02
165

Mette Frederiksen: Danimarka Ukraynaya hərbi yardımı davam etdirəcək

Danimarka Ukraynaya silah, hava hücumundan müdafiə sistemləri və digər hərbi yardımlar göstərməyə zərurət olduğu müddətcə davam edəcək, çünki müharibəni yalnız sözlərlə qazanmaq mümkün deyil.

İki sahil” “Ukrinform”a istinadla xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Ukraynanın Dövlət Bayrağının qaldırılması mərasimində çıxışı zamanı bildirib.

O, ukraynalılara müraciətində vurğulayıb ki, Xarkov və Odessanın müdafiəsi, həm də Riqanın, Helsinkinin və Kopenhagenin müdafiəsi deməkdir: “Danimarka, eləcə də Şimali və Baltikyanı ölkələr sizinlə həmrəydir. Ən başlanğıcdan bilirdik ki, bu müharibəni yalnız sözlərlə qazanmaq mümkün deyil. Təcili silah və sursata ehtiyacınız olduğu zaman onları sizə təqdim etdik. Tanklara və “F-16” qırıcılarına ehtiyacınız olduqda onları verdik. Öz müdafiə sənayenizə investisiya lazım olanda bunu da təmin etdik. İndi isə güclü hava hücumundan müdafiəyə təcili ehtiyacınız olduğu bir vaxtda bunu təmin edəcəyimizə söz verməliyik”.

Baş nazir xatırladıb ki, Danimarka və digər ölkələr Ukrayna şəhərlərini qorumaq və Avropanın müdafiəsini gücləndirmək üçün yeni raket sisteminin sürətlə hazırlanmasına birgə öhdəlik götürüblər: “Bizim dəstəyimizi pulla ölçmək olmaz. Onu bir sadə vədlə ifadə etmək olar: nə qədər lazımdırsa, o qədər”.

Məlumata görə, avqustun 23-də Ukraynada Milli Bayraq Günü qeyd olunur. Danimarkanın Baş naziri ilə yanaşı, Finlandiya Prezidenti Aleksandr Stubb, Litva Prezidenti Gitanas Nauseda, Norveçin Baş naziri Yonas Qahr Støre, Estoniyanın Baş naziri Kristen Mixal və Latviyanın Baş naziri Andris Kulberqs də Kiyevə gedib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”