"İDF Qəzza zolağının Maqazi rayonunda HƏMAS-ın silah istehsalı obyektinin komandiri İsmayıl Əbu Fulanı zərbə nəticəsində öldürüb. Bundan əlavə, HƏMAS qərargahının ərazisində yerləşən obyektin özünə də zərbə endirilib".
“İki sahil” yazır ki, bu barədə İsrail Müdafiə Ordusu (İDF) məlumat yayıb.
İsrail ordusunun məlumatına görə, Əbu Fula HƏMAS-ın hərbi qanadı üçün partlayıcı qurğuların və tank əleyhinə raketlərin istehsalında fəal iştirak edib.
Mətbuat xidməti bildirib ki, hücuma məruz qalan HƏMAS obyekti beynəlxalq təşkilat tərəfindən idarə olunan humanitar yardım paylama məntəqəsinin yaxınlığında yerləşib. İsrail tərəfi bunu HƏMAS-ın humanitar yardım paylama mərkəzləri də daxil olmaqla, mülki infrastrukturu bölgədə fəaliyyət göstərən qoşunlara qarşı hücumların hazırlanması və həyata keçirilməsi üçün sistemli şəkildə istifadə etməsinin daha bir nümunəsi adlandırıb.
İDF zərbədən əvvəl əhalini xəbərdar etdiyini, həmçinin yüksək dəqiqlikli sursatlardan istifadə və havadan müşahidə də daxil olmaqla, mümkün zərəri azaltmaq üçün əlavə tədbirlər gördüyünü bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”