24 avqust 2026 01:50
106

Zelenski: Ukrayna "Şimal axını"nın partladılmasında iştirak etməyib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna "Şimal axını" qaz kəmərinin partladılması ilə bağlı heç bir əməliyyatda iştirak etməyib və araşdırmada tərəfdaşlarına kömək etməyə hazırdır.

“İki sahil” xəbər verir ki, Zelenski bunu jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Ukrayna rəsmi olaraq "Şimal axını-2" qaz kəmərinin partladılması ilə bağlı heç bir əməliyyatda iştirak etməyib.

"Biz bununla bağlı Almaniya tərəfi ilə yüksək səviyyədə danışmışıq. Onlar çox yaxşı bilirlər ki, Ukrayna nə müvafiq əməliyyatın həyata keçirilməsinin arxasında dayanıb, nə də onun planlaşdırılmasında iştirak edib", - deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, hazırda araşdırma davam edir və iş üzrə ittihamlar irəli sürülüb, şahidlər dindirilib. O bildirib ki, Ukrayna bu məsələdə tərəfdaşlarına "həmişə kömək etməyə hazırdır".

Zelenski həmçinin bildirib ki, Ukraynanın Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi Avropadakı həmkarları ilə bu məsələni müzakirə etməyə açıqdır.

Eyni zamanda, prezident araşdırmada Ukrayna vətəndaşlarının da adının hallandığını xatırladıb.

"Baş verənlər, vətəndaşların, o cümlədən Ukrayna vətəndaşlarının iştirakı məsələsi var və araşdırma aparılır", - deyə o bildirib.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında "Şimal axını" qaz kəmərlərində qaz sızması qeydə alınıb. Zədələnmiş ərazilərdə partlayıcı maddələrin izləri aşkar olunduğundan hüquq-mühafizə orqanları hadisənin diversiya olduğunu ehtimal ediblər.