Özbək qızı,
Oxu,şeirin Nəvainin
Şöhrətindən xəbər verə.
Nizaminin nəvəsidir,
qarşındakı bu şairə.
Mirvarid Dilbazi
Elə münasibətlər var ki, yaşadığımız cəmiyyət onlarsız natamam görünər. Mədəniyyət, ədəbi əlaqələr, mənəvi dəyərlər olmasaydı, dünyaya baxışımız tam fərqli olardı, düşüncəmizdə, zəkamızda nələrsə çatışmazdı, xalqların bir-biri ilə münasibətlərində, qarşılıqlı əlaqələrində ən gərəkli tellər qırılardı. Xalqlar bir-birini yaxşı tanımazdı.
Çağdaş Türk dünyası arasındakı mədəni əlaqələr çox qədim dövrlərə gedib çıxır. Bu, xalqların tarixi keçmişinə əsaslanır. Böyük Türk xalqlarının öndə gedən nümayəndələrindən biri də, şərəfli tarixi, zəngin ədəbiyyati ilə seçilən özbək qardaş və bacılarımızdı.
Müstəqillik dövründə isə bu əməkdaşlıq daha geniş imkanlar qazanaraq iki qardaş xalqın ortaq tarixi, dili, mənəvi dəyərləri və zəngin ədəbi irsi üzərində əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib.
Ən yüksək səviyyədə qarşılıqlı səfərlər, xüsusilə son illərdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında intensiv görüşlər bu əlaqələrin daha da genişlənməsinə sarsılmaz Türk qardaşlığı səviyyəsinə yüksəlməsinə güclü təkan verib.
Bu prosesin davamı olaraq, 23-24 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri iki ölkənin mədəni-ədəbi əməkdaşlıqda ən yüksək səviyyədə olduğunu və uğurla davam etdiyini bir daha nümayiş etdirdi. Bu onu göstərir ki, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri yalnız keçmişin zəngin irsinə söykənən ənənə deyil, həm də bugunkü dövlətlərarası münasibətlər, qarşılıqlı layihələr və ədəbi mübadilə imkanları ilə gələcəyə yönəlmiş möhkəm əməkdaşlıqdır.
Səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutub. Dövlət səfərinin əsas gündəliyində iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi dayanıb. Səfərin əsas hadisələrindən biri Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü və Ali Dövlətlərarası Şuranın III iclasının keçirilməsi olub. Şura çərçivəsində iki ölkənin münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri geniş müzakirə edilib.
Daşkənddə aparılan danışıqların diqqətçəkən məqamlarından biri iki ölkə arasında “Əbədi dostluq haqqında” müqavilənin imzalanmasının nəzərdə tutulmasıdur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu sənədin Azərbaycan-Özbəkistan münasibətlərinin xarakterini bir daha təsdiqləyəcəyini bildirib. Belə bir sənədin gündəmə gəlməsi təsadüfi deyil. Azərbaycan və Özbəkistan son illərdə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə yaxın mövqe nümayiş etdirən iki türk dövlətidir. Dövlət başçıları arasında müntəzəm təmaslar, qarşılıqlı səfərlər və müxtəlif sahələrdə imzalanan sənədlər münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini göstərir.
Sovetlərin yalançı beynəlmiləlçiliyinin “çiçəkləndiyi, əslində bir-biri ilə eyni kökdə, eyni dildə olan xalqların birliyinə qısqanclıqla yanaşıb süni əngəllər yaradılan dövrdə - 1980-ci illərdə təqib və təzyiqlərə baxmayaraq, türkçülük yaradıcılığının əsas ana xətti olan Bəxtiyar Vahabzadə “Salam, Özbəkistan” şeirində Özbəkistanı da vətənimiz, böyük Türk dünyasının ayrılmaz bir hissəsi sayırdı:
Biz bir canıq, bir vahidik binadan,
Bu Vətənə o Vətəndən salamlar.
Biz bir yolun yolçusuyuq hər zaman,
Sənə məndən, mənə səndən salamlar.
Ədəbi və əbədi dostluqdan söz düşəndə Azərbaycanın Xalq şairi Mirvarid Dilbazi ilə Özbəkistanın Xalq şairi Zülfiyyənin uzun illərin sınağından üzüağ çıxan səmimi dostluğunu nümunə göstərirlər. Onların sənət ruhu ilə yanaşı taleyində də oxşarlıqlar çoxdur. Onlar bir-birini bir həssas baxışla, bir ilahi sözlə başa düşmüş, anlamışlar. Onların birliyinin bünövrəsini yanar ürək və hikmətli söz sarsılmaz etdiyindən bu dostluq söz ömrü qədər yaşayıb və yaşayacaq. Hər iki söz və könül adamı bu gün fani dünyada yoxdursa da, dostluqları iki qardaş ölkə səviyyəsindədir.
Hər iki xanım şair bu dostluğu qürur hissi ilə yaşayıb yaşatmışlar.
1969-cu ildə Mirvarid Dilbazinin ön sözüylə Zülfiyyənin “Şeirlər” kitabı nəşr olunmuşdur. Onun şeirlərini Mirvarid Dilbazı, Ələkbər Ziyatay, Musa Ələkbərli dilimizə çevirmişdi.
Zülfiyyə özü də gözəl tərcüməçi idi. Azərbaycan poeziyasının ruhunu, Şərq mentallığından doğan fikirləri əla duyurdu. Dünya ədəbi örnəkləri ilə bərabər, Azərbaycan şairlərinin şeirlərini özbəkcəyə çevirməklə Vətənimizə və xalqımıza sevgisini ifadə edirdi.
Zülfiyyə keçən yüzilliyin 90-cı illərində fəxrlə yazırdı:
“Azərbaycanın qadın şairlərindən Mədinə Gülgünün, Nigar Rəfibəylinin, Mirvarid Dilbazinin, Hökumə Büllurinin əsərləri ilə fərəhlənirəm. Mən onların şeirlərini sevə-sevə özbək dilinə çevirmişəm. Azərbaycanın klassik şairi, ictimai xadimi Molla Pənah Vaqifin şeirlərini Nəvai dilinə çevirərkən böyük sevinc hissi duydum”.
Azərbaycan müxtəlif mətbuat orqanları da Zülfiyyə yaradıcılığına həmişə böyük diqqət və qədirbilənliklə yanaşıb. Tez-tez onun yaradıcılığı, söz mülkü haqqında elmi, publisistik yazılar çap olunub. Mirvarid Dilbazi ilə Zülfiyyənin dostluğundan yazanlar bunu iki qardaş xalqın dostluğu kimi dəyərləndirib, mənəvi və tarixi əhəmiyyətini vurğulayıb, ədəbi mühitə töhfə hesab ediblər. Mirvarid xanım Zülfiyyə poeziyasını mükəmməl sənət kimi qəbul edib, onun əsərlərini dilimizə çevirməkdən yorulmayıb, mənəvi zövq alıb, bunu ümdə vəzifəsi bilib. Mirvarid xanım Zülfiyyəyə ən böyük titul verib – “Günəş qızı”.
“Zülfiyyə İsrailova (1915-1996) ədəbiyyatda elə sadəcə Zülfiyyə adı ilə tanınırdı. Amma ona özbək ədəbiyyatının Fərhadı deyirdilər. Onun da ilk şeiri elə rəfiqəsi ilə eyni yaşda dərc olunmuşdu, halbuki həmin illərdə gələcəyə ümid dolu baxan bu qızlar bir-birini tanımırdılar. Gələcəkdə bənzər tale ilə əl-ələ həyat və yaradıcılıq yollarında irəliləyəcəklərini bilmirdilər. Zülfiyyənin ilk kitabı “Həyat səhifələri” isə cəmi 17 yaşında çap olunub. Sonralar “İki yoldaş”, “Vadi ulduzları”, “Nəğməli qələm”, “Müşairə” poemaları, bir çox libretto, oçerk və publisistik əsərlər müəllifi kimi şöhrət qazandı” (Şəfiqə Şəfa, Bizim Media).
Mirvarid Dilbazi xatirələrində yazırdı:
“Mən Zülfiyyə deyərkən xəyalımda bir enerji çeşməsi çağlayır. Bu çeşmənin suları böyük amallar, arzular nəğməsidir, Zülfiyyənin ürək sözləridir”.
Ilk qadın Xalq şairimizin Zülfiyyəyə sevgisinin, ehtiramının, kövrək qəlbinin və zəngin təxəyyülünün bəhrəsi olan şeirlər, “Əziz Zülfiyyə”, “Zülfiyyə”, “Zülfiyyə özbək xalqının şairidir” və digər məqalələri Azərbaycan ədəbiyyatşünaslığının görkəmli özbək şairinin yaradıcılığına və mənəvi dünyasına dəyəridir, mükəmməl dostluq körpüsünün dayaqlarıdır.
Özbək yazarları da belə qədirbilən münasibəti Mirvarid Dilbaziyə göstərmişlər. Şair Vahid Zahidov Xalq şairimizin poetik dünyası haqqında “İncə və od ürəkli sənətkar” adlı irihəcmli məqaləsi Özbəkistan mətbuatında çap edilmişdir. 1980-ci ildə vətənsevər, mübariz, cəsarətli Xəlil Rza Ulutürk həmin yazını dilimizə çevirərək “Ədəbiyyat və incəsənət” qəzetində Azərbaycan oxucularına çatdırmışdır.
Ədəbi mühitin çağdaş dövrdə müxtəlf tərəflərini yaxından tədqiq edib bu günün oxucularına təqdim edilməsinin ədəmiyyətini Azərbaycanla bütöv Türk dünyasınının ədəbi əlaqələrinin yorulmaz tədqiqatçısı, fılologiya elmləri doktoru Almaz Ülvi “Şairlik – gecələri dan üzünə açmaqdır” elmi araşdırmasında (“525-ci qəzet”, 5 may 2020) yazır:
“Azərbaycan-özbək əlaqələri, daha dəqiq desək, hər iki ölkənin ədəbi-mədəni mühiti həmişə bir-biri ilə bağlı, qarşılıqlı münasibətdə olub. Bir-birindən öyrənmək, bir-birini tədqiq etmək əslində, ədəbiyyatların ehtiyacı kimi düşünülə bilər. Yeni ədəbi nəsil klassik, və ya ötən əsrlərin görkəmli simalarını kitablardan öyrəndikləri halda, hazırda bir birini daha yaxından tanımaq istəyir”.
Azərbaycan ədəbiyyatının dostu, söz sənətimizin ayrı-ayrı nümunələrini uğurla özbək dilinə çevirən Osman Qoçqarın Xalq yazıçısı Anarın “Sizsiz” romanının motivləri və özünün təəssüratlarından yaranan “Xəzər ağısı” silsiləsi Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin həmişə mükəmməl olduğunu təsdiqləyir. Nigar Rəfibəyli – Zülfiyyə birliyi də, Mirvarid Dilbazi – Zülfiyyə birliyi kimi Azərbaycan və Özbəkistan, eləcə də digər qardaş Türk ölkələrinin, tərəqqipərvər dünya ədəbiyyatının təbliğinə və tanıdılmasına xidmət edən mənəvi həmrəylikdir. Osman Qoçqar Nigar Rəfibəylinin mənəvi sarsıntılarını (Rəsul Rzanın dünyasını dəyişdiyi günlərdə) bir az yüngülləşdirmək, onun kədərli, nisgilli qəlbini sözlə ovutmaq üçün Nigar xanımla Zülfiyyə xanımın kədərini ümuləşdirmişdir. O, bilirdi ki, dərdli dərdlini yaxşı anlayar. Axı Nigar Rəfibəylinin müqəddəs kədərini, iztirablarını amansız hicran sınağından hələ 28 yaşında çıxmış Zülfiyyədən yaxşı kim duya bilərdi?!
Adamlar içində , bəli, düz qırx il
Yalqızca yaşamaq asan gəlməsin.
Kaş ki, “səbat-mərdlik” heç olmayaydı,
Həmid də ölməsin, Rəsul ölməsin.
Xalq yazıçısı Anar ”Fərəh, ümid, faciə - Birinci Türkoloji Qurultay haqqında düşüncələr” ədəbi mülahizələrində (“525-ci qəzet”, 23 iyun 2016) bir qürurverici fakt açıqlayır:
“Özbək şairi Zülfiyyə xanım anama danışarmış ki, əri, məşhur şair Həmid Əlimcan vəfat edəndən sonra yeganə təsəllisini Füzulinin Təbrizdə ərəb əlifbasıyla basılmış kitabından alırmış. Qazax şairi Abay Füzulini, tatar şairi Abdulla Tukay Sadiri orijinalda, Azəri türkcəsində oxuyurlarmış”.
Mirvarid Dilbazi gənc yaşlarından həyatın amansızlıqları qarşısında əyilməyən ruh və əqidə dostunu, məslək bacısını belə səciyyələndirir:
“Zülfiyyənin əsərlərinin ən böyük məziyyəti obrazlılığındadır. Onun mövzuları müxtəlif, boyaları rəngarəng, poeziyası nikbindir. Bu nikbin poeziya insanı yüksəlməyə, vüqarlı yaşamağa, mətanətli olmağa çağırır. Zülfiyyə vətənpərvər, insanpərvər şairdir”.
Professor ədəbiyyatşünas Pənah Xəlilova görə Zülfiyyə xanım kimdir?
“Bu lirikada yalnız Zülfiyyəyə məxsus intim, fərdi duyğular və düşüncələr vardır. Lakin bu fərdi intim aləm həm də bəşəridir, taleyin zərbəsinə məruz qalmış nakam qadınların 28 yaşında dul qalıb ömrünü ailəsinə, ümidini qələminə bağlamış anaların və şairlərin könül aləmini təmsil edir”.
Yaqut Dilbazi “Zülfiyyənin şeirləri Azərbaycan dilində” məqaləsində yazır:
“Zülfiyyənin şeirlərində parlaq boyalarla öz ifadəsini tapan mövzulardan biri də xalqlar dostluğu, beynəlmiləlçilik və həmrəylikdir”.
Zülfiyyə xanımın şerlərinin leytmotivi, ana xətti yeni həyat, qadın azadlığı, ictimai həyata çağırış, yeni insan, cəhalətə nifrət, elmə dərindən yiyələnmək, vətənpərvərlikdir.
Zülfiyyə xanım Azərbaycan xalqının, ədəbi ictimaiyyətinin sevimlisi idi, o, Azərbaycanı doğma Vətəni bilirdi. Təsadüfi deyildir ki, Lənkəranın fəxri vətəndaşı seçilmişdi.
Azərbaycan daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regionda, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar.
Azərbaycan və Özbəkistan əlaqələri, əbədi dostluğu Türk dünyasının birliyinə, mədəni və iqtisadi cəhətdən inkişafına, xalqların həmrəyliyinə töhfədir.
Güllü Eldar Tomarlı,
Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru