8 noyabr 2020-ci il tariximizə şanlı bir gün kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərini 28 illik işğaldan azad etdi. Şuşanın düşməndən təmizlənməsindən iki gün sonra isə Ermənistan kapitulyasiya aktına imza atdı. Bu baxımdan, Şuşanın işğaldan azad olunması 44 günlük Vətən müharibəsində həlledici əhəmiyyət daşıyan hadisələrdən biri oldu. Şübhəsiz, bu Zəfər heç də asan başa gəlmədi. Əsgər və zabitlərimiz Şuşanın hər daşına, hər qayasına öz qanları ilə dünyanı heyrətə gətirən Zəfər dastanı yazdılar. Ona görə də oradakı hər bir daş, hər bir qaya bizim şanlı Zəfər tariximizin bir parçasıdır. Şuşanın qayalarında və daşlarında qalan güllə izləri bu torpağın tarixindən xəbər verən şahidlərdir. Onları olduğu kimi qoruyub-saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Amma təəssüf ki, bu gün bəzi insanlar Şuşanın Cıdır düzü kimi tarixi əhəmiyyət daşıyan məkanlarında qayaların üzərinə müxtəlif adlar və yazılar həkk etməklə şəhidlərimizin xatirəsinə hörmətsizlik edirlər. Halbuki bu müqəddəs məkanları göz bəbəyi kimi qorumalı, onları sevgi və ehtiramla gələcək nəsillərə çatdırmalıyıq.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Aprel döyüşləri və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, hazırda Quba rayonundakı Elşad Bayramov adına Alpan kənd tam orta ümumtəhsil məktəbində coğrafiya fənnini tədris edən Ağadadaş Dadaşov bildirdi.
Onun sözlərinə görə, Şuşada hər hansı qayanın üzərində cızma-qara etmək həm də tariximizin bir parçasına müdaxilə etməkdir: "Unutmayaq ki, onların hər biri artıq bizim tarixi abidələrimizə çevrilib. Şübhəsiz, bu fikri işğaldan azad edilmiş hər bir məkanımızın daşına və qayasına da şamil etmək olar”.
Son günlər sosial şəbəkələrdə Şuşada qayaların, daşların və tarixi məkanların üzərinə müxtəlif yazıların yazılması ilə bağlı görüntülərin yayılmasından narahat olduğunu bildirən müsahibimiz vurğuladı ki, şəhidlərimizin həyatı, qazilərimizin sağlamlığı bahasına Şuşanın hər daşında, hər qayasında tarix yazılıb: “Elə bir tarix ki... Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayaları, dağları aşaraq düşmənlə üzbəüz döyüşdə onu məhv etdilər. Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq istərdim: “Biz o Şuşanı necə götürmüşüksə, bu, ayrı dastandır, qəhrəmanlığın zirvəsidir, mənəvi-fiziki gücün sintezidir. Bu, fədakarlığın zirvəsidir”.
Yaxşı olardı ki, belə insanlar Şuşanın abadlığına öz töhfələrini versinlər, daha doğrusu, özlərini bu şəhərin qurucuları sırasına daxil etsinlər. Şuşanın qayalarına ad yazmağa isə əsla ehtiyac yoxdur. Çünki bu qayalarda artıq bir tarix yazılıb – Zəfər tariximiz!
Qvami Məhəbbətoğlu, “İki sahil”
Saksoniya-Anhaltda keçirilən seçkiləri Almaniya hökuməti üçün dərs oldu - Markus Söder
Yaxın Şərqdəki böhran BMT-nin təsir gücünü itirdiyini göstərdi - BƏƏ Prezidentinin müşaviri