15 sentyabr 2026 12:45
96

Azərbaycan süni intellekt üzrə regional rəqəmsal haba çevrilir

"Moody’s" Beynəlxalq Reytinq Agentliyinin açıqladığı hesabatda bildirilir ki, Azərbaycan Mərkəzi Asiya və Qafqaz ölkələri arasında süni intellekt infrastrukturu sahəsində layihələrin ən fəal inkişaf etdiyi ölkələr sırasındadır

Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda texnoloji transformasiyanın sürəti iqtisadi və siyasi güc nisbətlərini yenidən formalaşdırır. Bu dinamikanın ön cərgəsində dayanan Azərbaycan təkcə rəqəmsal xidmətlərin tətbiqi ilə kifayətlənmir, həm də süni intellekt (Sİ) infrastrukturunun formalaşdırılmasında regional lider mövqeyə yüksəlir. Dövlətin strateji baxışı, infrastruktur layihələri, qanunvericilik bazası və bu sahəyə qoyulan yatırımlar ölkəni regionun Sİ habına çevirməkdədir.

Azərbaycanda rəqəmsal ekosistemin inkişafı təsadüfi xarakter daşımır. Təsdiqlənmiş “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ölkənin bu sahədəki yaxın və orta müddətli yol xəritəsini müəyyən edir. Sənəd texnologiyanın sadəcə istehlakını deyil, milli təhlükəsizlik, dövlət idarəçiliyi və iqtisadi artımın əsas drayveri kimi lokal həllərin yaradılmasını hədəfləyir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) koordinasiyası ilə həyata keçirilən layihələr, dövlət sektorunda rəqəmsal məlumat bazalarının standartlaşdırılması və "Digital Code" təşəbbüsləri institutional bazanı gücləndirir.

İnfrastruktur baxımından Azərbaycanı regionun liderinə çevirən əsas amillər aşağıdakılardır: Yüksək tutumlu verilənlərin işlənməsi üçün regional Data Mərkəzlərinin (“AzInTelecom”) fəaliyyəti və bulud infrastrukturu daxili Sİ modellərinin təhlükəsiz və sürətli çalışmasına imkan verir. Bütün ölkə ərazisini əhatə edən fiber-optik şəbəkə layihələri ("Online Azerbaijan") və Böyük İpək Yolu boyunca keçən rəqəmsal koridorlar ölkənin tranzit məlumat ötürmə potensialını artırır. Rəqəmsal transformasiyanın mühüm istiqamətlərindən biri də təhsildir. Yeni nəsildə rəqəmsal kompetensiyaların formalaşdırılması, tədris prosesində süni intellekt texnologiyalarının tətbiqi və insan kapitalının gücləndirilməsi gələcəyin rəqabətqabiliyyətli cəmiyyətinin qurulmasına xidmət edir. Azərbaycanda fəaliyyətə başlayan Süni İntellekt Akademiyası, eləcə də aparıcı ali təhsil müəssisələrinin beynəlxalq mərkəzlərlə (MIT, Harvard, Carnegie Mellon kimi platformaların təcrübəsi əsasında) əməkdaşlığı bu sahədə kadr hazırlığını keyfiyyətcə yeni mərhələyə qaldırır. Eləcə də Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, informasiya infrastrukturunun qorunması, süni intellekt əsaslı kibermüdafiə mexanizmlərinin tətbiqi və kibergigiyena üzrə maarifləndirmə tədbirləri Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemini yeni səviyyəyə yüksəldir. Göründüyü kimi, Süni intellekt Azərbaycanda nəzəriyyədən əməli müstəviyə keçib. Elektron hökumət platformalarında VÖEN, gömrük və vergi sistemlərində risklərin analizi Sİ alətləri ilə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə inşa edilən "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində resursların idarə olunması, nəqliyyat və enerji paylanması tamamilə süni intellekt alqoritmləri üzərində qurulur. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda təkcə texnologiya istehlakçısı kimi deyil, infrastrukturu, insan kapitalı və innovativ həlləri ilə regional Sİ mərkəzi kimi gələcəyin rəqəmsal xəritəsini çəkməyə davam edir.

"Moody’s" Beynəlxalq Reytinq Agentliyinin bu günlərdə açıqladığı hesabatında bildirilir ki, Azərbaycan Mərkəzi Asiya və Qafqaz ölkələri arasında süni intellekt infrastrukturu sahəsində layihələrin ən fəal inkişaf etdiyi ölkələr sırasındadır. Hesabata əsasən, ölkəmiz Qazaxıstan, Özbəkistan və Ermənistanla yanaşı, məlumat emalı mərkəzləri, superkompüterlər və rəqəmsal rabitə sahəsində irimiqyaslı layihələr həyata keçirir. Agentlik, həmçinin qeyd edir ki, Sİ-nin inkişafı böyük ölçüdə müvafiq infrastruktura qoyulan investisiyalardan asılı olacaq. Layihələrin uğurla həyata keçirilməsi üçün etibarlı elektrik təchizatı, telekommunikasiya şəbəkələri, su və torpaq resurslarına çıxış, həmçinin qabaqcıl hesablama texnologiyaları tələb olunur ki, bu da əhəmiyyətli kapital qoyuluşları zərurəti yaradır. Agentliyin qiymətləndirməsinə görə, enerji resurslarının əlçatanlığı, ehtimal ki, əsas rəqabət üstünlüklərindən birinə çevriləcək. Xüsusilə Azərbaycan, Qazaxıstan və Özbəkistan mövcud resurs bazasından yararlana bilər. Tacikistan və Qırğızıstan isə hesablama infrastrukturunun ayrı-ayrı istiqamətlərini hidroenergetika bazasında inkişaf etdirir. "Moody’s", həmçinin Sİ sahəsinə irimiqyaslı investisiyaların cəlb edilməsində dövlət institutlarının mühüm rolunu qeyd edir. İnvestorlar bir qayda olaraq aydın tənzimləmə və etibarlı infrastruktura malik iqtisadiyyatlara üstünlük verirlər. "İnstitutların keyfiyyəti və dövlət siyasətinin həyata keçirilməsindəki fərqlər, böyük ehtimalla, Mərkəzi Asiya və Qafqaz ölkələrində fərqli nəticələrə gətirib çıxaracaq" - deyə hesabatda vurğulanır. Bununla yanaşı, məlumat emalı mərkəzlərinin, fiber-optik şəbəkələrin və əlaqəli enerji infrastrukturunun tikintisinə tələb olunan əhəmiyyətli kapital xərcləri dövlətin bu cür layihələrdə iştirak üçün maliyyə imkanlarını digər mühüm amilə çevirir.

Sevinc Azadi, “İki sahil”