15 sentyabr 2026 12:09
200

Kamran Bayramov: Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin və hərbi attaşələrin Qarabağ ilə Şərqi Zəngəzura növbəti iki günlük səfəri başa çatıb. Azad edilmiş ərazilərimizə reallaşan sayca 22-ci səfər diplomatların regionda həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, sosial-iqtisadi inkişaf və tarixi-mədəni irsin qorunması tədbirləri ilə yerində tanış olması baxımından böyük əhəmiyyət kəsb edir. Səfər proqramı çərçivəsində Ağdərə rayonunun Vəngli kəndindəki Gəncəsər və Kəlbəcər rayonunun Vəng kəndindəki Xudavəng monastır komplekslərinə, "İstisu" mineral su zavoduna baş çəkilmiş, habelə Kəlbəcərdə təşkil edilən Bal Festivalında iştirak təmin olunmuşdur. Lakin beynəlxalq aləmin və diplomatik korpusun Azərbaycanın suveren ərazilərindəki quruculuq prosesinə verdiyi bu açıq dəstək Ermənistan tərəfində növbəti isterika və qəbuledilməz reaksiya ilə qarşılanmışdır.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib. K.Bayramov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan

Respublikasının ayrılmaz və suveren ərazisidir. Xarici diplomatların bu bölgələrə səfər etməsinə qarşı Ermənistan cəmiyyətində qaldırılan hay-küylü kampaniya Azərbaycanın daxili işlərinə açıq müdaxilədir. Bu cür yanaşma rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması barədə bəyanatları ilə köklü şəkildə ziddiyyət təşkil edir. Diplomatların bu səfərdə iştirakı isə onların təmsil etdiyi dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini növbəti dəfə təsdiqləyir. Ermənistan tərəfi Gəncəsər və Xudavəng monastır komplekslərini uydurma şəkildə "erməni irsi" kimi qələmə verməyə çalışarkən, eyni zamanda öz ərazisində yüzilliklər boyu mövcud olmuş Azərbaycan tarixi-mədəni irsini tamamilə inkar edir. Azərbaycan torpaqlarında sanki yalnız ermənilərin yaşadığı, müasir Ermənistan ərazisində isə azərbaycanlıların heç vaxt məskunlaşmadığı barədə formalaşdırılan saxta narrativ şovinist və rasist düşüncə tərzinin bariz nümunəsidir. Dünyanın tarix elminə yaxşı məlumdur ki, Qarabağ bölgəsindəki qədim xristian abidələri Qafqaz Albaniyasının tarixi və mədəni irsinə məxsusdur. Ermənistanın bu tarixi həqiqəti həzm edə bilməməsi və alban irsini inkar etməsi faktiki olaraq mədəni irqçilikdir. 

Deputat diqqətə çatdırıb ki, Azərbaycan dövləti öz ərazisindəki bütün tarixi, dini və mədəni abidələrin yeganə sahibidir və onların qorunmasını tam məsuliyyəti ilə həyata keçirir. Bu qərəzli kampaniya və qızışdırıcı məlumatlar yalnız radikal müxalifət dairələrindən qaynaqlanmır. Aparılan təhlillər göstərir ki, diplomatların səfərini hədəf alan psixoloji hücumların və dezinformasiya dalğasının arxasında birbaşa Ermənistanın mövcud hakimiyyəti durur. Çünki bu qəbilədən olan reaksiyalar və təxribatçı yazılar məhz Paşinyan hakimiyyətinə və hakim partiyaya yaxın media resurslarında intensiv şəkildə tirajlanır. Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın açıqlamaları və 14 sentyabr tarixində Ermənistan parlamentində 2022-ci ilin sentyabrında sərhəd təxribatlarında həlak olan hərbçilərin sükutla yad edilməsi rəsmi İrəvanın daxili işlərimizə müdaxilə etdiyini və revanşizm əhval-ruhiyyəsini körüklədiyini nümayiş etdirir. Müharibədəki məğlubiyyətdən sonra sülhə məcbur edilən Paşinyan hakimiyyətinin dirijorluğu ilə həyata keçirilən bu qərəzli kampaniya, Ermənistanın sülh prosesində qeyri-səmimi olduğunu və danışıqlara qəsdən zərbə vurmaq niyyətini bir daha üzə çıxarır. 
K.Bayramov əlavə edib ki, Ermənistan tərəfinin bu cür dözümsüz və revanşist mövqeyi bölgədə davamlı sülhün bərqərar olmasına mane olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Ermənistanın Qərbi Azərbaycanda min illər boyu xalqımızın yaratdığı mədəni irsi tarixi abidələri, məscidləri və qəbiristanlıqları sistemli şəkildə dağıtması dözümsüzlük və irqçiliyin bariz təzahürüdür. Azərbaycanın mədəni izlərini silməyə və regionun tarixini təhrif etməyə yönəlmiş bu destruktiv addımlar beynəlxalq hüququn, xüsusən 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.