15 sentyabr 2026 14:35
151

Ədəbiyyatla dolu buruqlar: Neftçilər Bilik Günündə Suraxanı məktəblilərini çoxdilli kitabxana hədiyyəsi ilə sevindirdilər

Yeni tədris ili münasibəti ilə “Surakhani Oil” hasilat şirkəti Suraxanı rayonunda yerləşən Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyaya çoxdilli kitabxana hədiyyə edib.

Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünası və pedaqoqu Mir Cəlalın İçərişəhərdəki ünvanı “Ədibin Evi”nin təşəbbüsünü dəstəkləyən hasilat şirkəti xarici dildə tədrisə yardımçı olacaq altı müxtəlif dildə 300-dən çox Azərbaycan və dünya klassiklərinin əsərlərini neft buruqları şəklində hazırlanan rəflərlə birgə Bilik Günündə təhsil ocağına verib.

XX əsrin əvvəlində milli mətbuatımızın təbliğ etdiyi maarifçi fikir- “Oxu! Ancaq oxuduğun ayağını yerə, başını yüksəkliyə, qəlbini ülviyyətə bağlasın. Oxuduqların sənin olsun, səndə olsun” başlığı ilə kitabxana Gimnaziyada Azərbaycan Milli Qəhrəmanlarının lövhəsi guşəsinin yanında yer alıb.

Kitabxananın açılışını Gimnaziyanın müəllim və şagird heyəti ilə bərabər AR Milli Məclisinin Suraxanı rayonundan üzvü Qaya Məmmədov, “Ədibin Evi”nin direktoru Şəfəq Mehrəliyeva və “Surakhani Oil” şirkətinin rəsmiləri ediblər.  

Qonaqlar Gimnaziyanın sinif otaqları və laboratoriyaları, o cümlədən şagirdlər üçün dövlət hesabına təmin edilən yataqxana və yeməkxana hissələri ilə də tanış olublar.

Daha sonra yuxarı sinif şagirdləri ilə dəyirmi masa arxasında görüş keçirilib.

“Surakhani Oil” hasilat şirkətinin departament direktoru Kərim Aşurov müəllim-şagird heyətinin Bilik Gününü təbrik edərək onlara yeni tədris ilində uğurlar arzu edib. Bildirib ki, müasir əmək bazarı və xüsusilə enerji və neft sənayesi sürətlə dəyişir. Müstəqil Azərbaycanın iqtisadiyyatının başlanğıc nöqtəsi olan “Əsrin Müqaviləsi” 1994-cü ildə 8 ölkədən olan 13 şirkət arasında imzalanmışdır. Ümummilli lider Heydər Əliyev uzaqgörənliklə müəyyən etmişdir ki, neft sənayemiz xarici şirkətləri cəlb etməkdə davam edəcək. Ona görə də, bu gün neft sənayesində texniki biliklər, ixtisaslaşmış bacarıqlarla yanaşı, dilləri bilmək də vacibdir.

Bu fikri dəstəkləyən “Ədibin Evi”nin direktoru Şəfəq Mehrəliyeva isə xatırladıb ki, çox dil bilmək dünyanın bilik xəzinəsinə açılan qapıdır. Lakin fərdin kimliyinin əsası onun ana dili ilə qoyulur. Azərbaycan dilində mütaliə və klassiklərimizin əsərləri ilə mənəviyyatımızı zənginləşdirmək bizi vətəndaş kimi formalaşdıran əsas amillərdən biridir. Şəfəq Mehrəliyeva şagirdləri ədəbiyyatı nəinki oxumağa, sevdikləri kitabları bir-biri ilə paylaşmağa və müzakirə etməyə dəvət edib.

Millət vəkili Qaya Məmmədov isə “Ədibin Evi” və Suraxanı neftçilərinə bu sosial məsuliyyət və vətənpərvərlik təşəbbüsünə görə  minnətdarlığını bildirərək Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada tətbiq olunan tədris modelini ən uğurlu yanaşmalarından biri kimi qiymətləndirib. Vurğulayıb ki, şagirdlərin bilik və bacarıqları ilə yanaşı, mütaliə və öyrənmə mədəniyyətinin inkişafının dəstəklənməsi müstəqil Azərbaycanın “qara qızılının insan qızılına” çevrilməsi məqsədini qidalandırır.

Tədbirin sonunda şagirdlər qonaqlarla sevimli kitabları barədə müzakirə aparıblar.