23 sentyabr 2026 19:57
117

Torpağımızın altı təbii sərvətlə zəngindir

Ölkəmizin dağlarının altı müxtəlif qiymətli elementlərin xəzinəsidir, desək, yəqin səhv olmaz. Sovet dönəmində bunların bir çoxu əldəyməz vəziyyətdə qalıb. Ermənistanın işğalı illərində daha qiymətlilər talanıb aparılb. Bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib: “Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur.”

Bəli, işğalçılar qiymətli ağaclarımızı kəsib aparmış Avropanın mebel fabriklərinə baha qiymətə satmışlar. Xatırlatdığımız kimi, onlar bizim təbii resurslarımız-qızıl, civə, mis, molibden yataqlarımız talan edilirdi. Zod qızıl mədənindən çıxardıqları qızılı iyirmi səkkiz il müddətində Ermənistana daşıyıblar. Təbii ki, işğal dövründə də Ermənistan dövləti ancaq talançılıqla məşğul idi.

Qeyd edək ki, Sovet vaxtında isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi sayılırdı. Sovet İttifaqında tanınmış alim, görkəmli akademikimiz Mirəli Qaşqay kiçik mühəndis qrupları ilə geoloji-kəşfiyyat işləri aparsa da Moskva növbəti addımlara qadağan qoyurdu, yəni sərvətlərin çıxarılması gələcəyə saxlanırdı. Ona görə bizim bir çox yataqlarımız, yəni perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Artıq bu məsələ Azərbaycanın prioritetinə çevrilib.

Prezident İlham Əliyev qeyd edib ki, bunun, əlbəttə ki, bu tərəfi müsbətdir. Çünki bu ehtiyatlar bu gün yerin altındadır. Biz bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edəcəyik. Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Daşkəsən qızıl mədəni artıq bir neçə ildir ki, istismara verilib. Yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Ağdərədə, həm də Zəngilanda geoloji-kəşfiyyat işlərinə start veriləcək və beləliklə, oralara xüsusi texnika və işçi qüvvəsi qaşınacaq, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar işlərinə başlanılacaq. Nəticədə xeyli yeni iş yerləri açılacaq, soydaşlarımız işlə təmin olunacaq, ölkəmizə yüz milyonlarla valyuta daxil olcaq ki, bu da xalqın rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir.  

Vəli İlyasov, “İki sahil”