Cənubi Qafqazda son illərdə formalaşan yeni reallıqlar regionun siyasi mənzərəsi ilə yanaşı, nəqliyyat xəritəsinə də ciddi təsir göstərir. Uzun illər bağlı qalan kommunikasiyaların açılması, Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası və regional iqtisadi əməkdaşlığın genişləndirilməsi artıq siyasi gündəmin mühüm istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, Zəngəzur dəhlizi ideyası Prezident İlham Əliyev tərəfindən Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra irəli sürülüb. Bu, müharibənin yekunlarını təsdiqləyən və Ermənistan üçün kapitulyasiya aktı sayılan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapıb. Ermənistan uzun müddət dəhlizin reallaşmaması üçün min hoqqadan çıxıb. Amma ABŞ Prezident Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlər arasında ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar çərçivəsində Zəngəzur dəhlizi məsələsi aktuallaşdırılıb.
Yeri gəlmişkən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək TRIPP həm də Türkiyəni Cənubi Qafqaz və Mərkəzi Asiya ilə, Avropanı Çinlə birləşdirəcək beynəlxalq nəqliyyat xəttinin vacib hissəsidir. Orta Dəhliz (Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu) üzərində qurulan TRIPP bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından da önəmlidir.
Bəli, bu gün TRIPP layihəsi Ermənistanın baş naziri Nikol Paşinyanın da regional nəqliyyat gündəliyində önəmli yer tutur. Məsələn, Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən “Concordia” sammitinin panel müzakirəsində ölkəsi ilə Azərbaycan arasında sülh və bunun nəticəsində yaranan imkanlara dair sualları cavablandırarkən sülhün nəticələrindən biri kimi “Tramp marşrutu”na diqqət çəkib. Bildirib ki, hazırda əsas işlər TRIPP layihəsinin icrasına yönəlib və bunun nəticəsində regional kommunikasiyalar tam şəkildə açılacaq: “Bu, ölkəmiz və iqtisadiyyatımız üçün yeni bir dövr açacaq”. Yeri gəlmişkən, Paşinyan 2026–2031-ci illər hökumət proqramının müzakirəsi zamanı da TRIPP-in həyata keçirilməsini qarşıdakı əsas vəzifələrdən biri adlandırıb.
Göründüyü kimi, Paşinyan TRIPP-i Ermənistanın iqtisadi inkişafı və regional kommunikasiyalara qoşulması baxımından mühüm layihə hesab edir. Şübhəsiz, bunu Cənubi Qafqazda yaranmış yeni reallığın İrəvanın yanaşmalarına təsir etdiyini göstərən faktorlardan biri kimi dəyərləndirmək olar. Digər tərəfdən, bu, Azərbaycan, Ermənistan və ABŞ arasında əldə olunan razılaşmaların praktiki nəticəyə çevrilməsi, həmçinin iki ölkə arasında münasibətlərin iqtisadi müstəvidə yeni mərhələyə keçməsi, region ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi baxımından da əhəmiyyətlidir.
Amma Ermənistandakı bir qrup revanşist hələ də bu məsələdə öz ampluasındadır. Məsələn, bir neçə gün öncə Erməni Milli Konqresi Partiyası sədrinin müavini Levon Zurabyan TRIPP layihəsi ilə bağlı reallıqdan uzaq olan fikirlər səsləndirib. O, iddia edib ki, əgər biz TRIPP-in həyata keçirilməsi yolunu seçsək, bütün strateji kommunikasiya yolları Azərbaycanın nəzarətində olacaq bir Ermənistan əldə edəcəyik. Bununla yanaşı, Azərbaycanın Ermənistan ərazisindən keçməklə maneəsiz kommunikasiya hüququ olacaq, Ermənistanın isə belə imkanı olmayacaq. Şübhəsiz, bütün bunlar cəfəng fikirlərdir. Halbuki bu layihədən ən çox qazanan Ermənistan olacaq. Belə ki, uzun illər regional nəqliyyat layihələrindən kənarda qalan Ermənistan məhz TRIPP ilə yeni tranzit imkanları əldə edəcək, üstəlik, regional iqtisadi sistemə inteqrasiya olunacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”
27 Sentyabr – Anım Günüdür: İşğalçı siyasət və saxta vədlər müharibəyə aparan yol oldu