02 oktyabr 2026 16:27
171

Dünya Kuboku: Lukas Anvo qalib olub

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan turnirin ikinci yarış günündə səhər seansı maraqlı və gərgin mübarizəyə səhnə olub.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Boborıkina, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Ramil Vəlizadə, Oqtay Hüseynov, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski ümumilikdə 8 növdə bacarıqlarını nümayiş etdiriblər. Kişilərin 1500 metr məsafəyə sərbəst üsulla yarışı gərginliyi və dinamikası ilə diqqət çəkib. 60 dövrəlik yarışda hər kəsdən sürətli olan belçikalı Lukas Anvo (14:34,98) birinci olub. Onu Almaniya təmsilçisi Sven Şvarts (14:35,41) izləyib. ABŞ idmançısı Karson Foster (14:40,83) üçüncü yerə çıxıb. Yeqor Maynitski 200 metr məsafəyə qarışıq növdə (2:03,69), Anastasiya Boborıkina isə 100 metr məsafəyə brass üsulu ilə yarışda (1:15,32) Azərbaycan rekorduna imza atıb. 50 metr məsafəyə brass üsulu ilə yarışda Yeqor Maynitski, 100 metr məsafəyə sərbəst üsulla yarışda Ramal Sadıqlı, 1500 metr məsafəyə sərbəst üsulla yarışda isə Amin Oruclu və Fərhad Şirməmmədli şəxsi rekordlarını yaxşılaşdırıblar.

Axşam seansında 1 idmançımız mübarizə aparacaq. Fatimə Alkərəmova 400 metr məsafəyə qarışıq üsulla yarışda çıxış edəcək. Yarışın axşam seansı saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Dünya Kuboku 1-3 oktyabr tarixlərində 44 ölkədən 216 idmançının iştirakıyla Bakı Su İdmanı Sarayında keçirilir. Biletləri iTicket.az platformasında və şəhərin kassalarında əldə etmək mümkündür.

Mötəbər yarışda Azərbaycanı 15 üzgüçü təmsil edir. Milli komandanın heyətində Amin Oruclu, Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Ramal Sadıqlı, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski yer alır. Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Ruslan Hətəmxanov, Rəşad Əliyev, Teymur Quliyev.

ASF-nin tərəfdaşları: Botanica Residence, RCT, Universal Hospital, Bənövşə Aptek, Haval, Volvo, Maserati.