05 oktyabr 2026 21:00
141

Milli Gimnastika Arenasında Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirilib

Oktyabrın 5-də Milli Gimnastika Arenasında Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə əvvəlcə cüdonun inkişaf yolundan və bu idman növündə əldə olunan nailiyyətlərdən bəhs edən videoçarx nümayiş etdirilib.

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev çıxışında dünya cüdo ailəsini növbəti dəfə Bakıda salamlamaqdan məmnunluğunu ifadə edib. O, cüdonun yalnız idman növü deyil, özünənizam, cəsarət və dostluq kimi dəyərləri özündə birləşdirən fəlsəfə olduğunu bildirib.

Rəşad Nəbiyev Azərbaycanda idmana, xüsusilə cüdonun inkişafına göstərilən dövlət dəstəyini vurğulayıb, ölkəmizin böyük beynəlxalq yarışların keçirildiyi idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. ACF prezidenti dünya çempionatının yenidən Bakıda təşkil olunmasını Azərbaycan cüdosuna göstərilən beynəlxalq etimadın nümunəsi kimi dəyərləndirib və buna görə Beynəlxalq Cüdo Federasiyasına, şəxsən Marius Vizerə təşəkkürünü bildirib.

Federasiya rəhbəri ACF-in əsas məqsədlərindən birinin cüdo vasitəsilə sağlam və məsuliyyətli gənc nəslin formalaşmasına töhfə vermək olduğunu diqqətə çatdırıb, dünya çempionatında iştirak edən idmançı və məşqçilərə uğurlar arzulayıb.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer Azərbaycanda idmana və dünya çempionatının təşkilinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycan cüdosunun son illərdə əldə etdiyi nəticələri və ölkəmizin yüksək səviyyəli beynəlxalq idman tədbirlərinin təşkilində qazandığı təcrübəni qeyd edib. Marius Vizer cüdonun birlik, dostluq və sülh dəyərlərini təşviq edən idman növü olduğunu vurğulayıb.

Daha sonra Marius Vizer Bakı-2026 cüdo üzrə dünya çempionatını açıq elan edib.

Açılış mərasiminin rəsmi hissəsindən sonra tədbir bədii proqramla davam edib. Dünya çempionatında iştirak edən ölkələrin bayraqlarının paradı keçirilib, Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.

Mərasimin bədii hissəsi cüdonun yarandığı Yaponiyadan Azərbaycana uzanan yolu və iki ölkənin zəngin mədəni irsini əks etdirən xüsusi konsepsiya üzərində qurulub. Sakura motivləri ilə başlayan kompozisiyada cüdonun Yaponiyadan dünyaya yayılması səhnə və vizual həllərlə təqdim edilib.

Proqramın Azərbaycan mədəniyyətinə həsr olunan hissəsində milli xalça ornamentləri, musiqi və rəqs elementləri müasir etno-caz və vizual effektlərlə sintez olunub. Bədii proqramın finalında Azərbaycanı simvolizə edən alov motivləri fonunda Bakı-2026-nın rəsmi loqosu formalaşdırılıb.