Azərbaycanın xarici siyasətində müxtəlif regionlarla əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıqların qurulması xüsusi yer tutur. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri də bu baxımdan təqdirəlayiqdir. Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər iki ölkə arasında mövcud dostluq münasibətlərinin yeni əməkdaşlıq imkanları ilə zənginləşdirilməsi üçün zəmin yaradır.
Rəsmi Bakı ilə Vyentyan arasında siyasi dialoq artıq formalaşmış etimad mühitinə söykənir. 30 ildən artıqdır davam edən diplomatik münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, parlamentlərarası əlaqələr və hakim partiyalar arasında əməkdaşlıq bu tərəfdaşlığın əsas istiqamətləridir. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri isə münasibətlərin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Səfərin əsas məqsədlərindən biri siyasi əlaqələri iqtisadi məzmunla zənginləşdirməkdir. Bakıda keçirilməsi nəzərdə tutulan Laos–Azərbaycan biznes-forumu, qarşılıqlı investisiya təşəbbüsləri və konkret layihələrin müzakirəsi əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir. Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə mövcud imkanların dəyərləndirilməsi iqtisadi əlaqələrin daha praktik müstəviyə keçməsinə şərait yaradır.
İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün tərəflərin qarşılıqlı üstünlüklərindən istifadə etməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın investisiya imkanları, istehsal və logistika infrastrukturu ilə Laosun iqtisadi inkişaf prioritetləri arasında uyğun istiqamətlərin müəyyənləşdirilməsi uzunmüddətli tərəfdaşlıq üçün əlverişli zəmin yarada bilər. Bunun üçün biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, sahibkarların qarşılıqlı məlumatlandırılması və perspektivli layihələrin müəyyən edilməsi vacibdir. Belə yanaşma siyasi səviyyədə əldə olunan razılaşmaların real iqtisadi nəticələrə çevrilməsinə kömək edəcəkdir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir: “Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır”.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi diqqət çəkir. Azərbaycanın formalaşdırdığı müasir nəqliyyat infrastrukturu və Trans-Xəzər marşrutu ölkəmizin beynəlxalq bağlantılardakı mövqeyini gücləndirir. Laosun regional dəmir yolu layihələrinin gələcəkdə bu marşrutla əlaqələndirilməsi Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi üçün əlavə imkanlar aça bilər. Bu istiqamətdə real nəticələr əldə olunması, ilk növbədə, tərəflərin layihələri uzlaşdırmasından və qarşılıqlı maraqları konkret addımlarla dəstəkləməsindən asılıdır.
Humanitar əməkdaşlıq isə münasibətlərin uzunmüddətli əsaslarını möhkəmləndirən istiqamətlərdəndir. Sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması ölkələrimiz arasında tarixi əlaqələrin dərinliyini göstərir. Təqaüd mexanizminin yaradılması və bu ənənənin bərpası yeni nəsillər arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edəcəkdir. Bununla yanaşı, mina təhlükəsi ilə mübarizədə təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması da hər iki ölkə üçün praktiki əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlıq humanitar məsələlərin həllinə töhfə verməklə yanaşı, tərəflərin ortaq çağırışlar qarşısında birgə fəaliyyət imkanlarını da genişləndirəcəkdir.
Azərbaycan–Laos münasibətlərinin inkişafı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından da perspektivlidir. Hər iki ölkənin çoxtərəfli platformalarda dialoqa və qarşılıqlı dəstəyə önəm verməsi müxtəlif məsələlər üzrə mövqelərin uzlaşdırılmasına imkan yaradır. Siyasi təmasların davamlılığı, iqtisadi təşəbbüslərin təşviqi və humanitar əlaqələrin genişləndirilməsi ikitərəfli münasibətlərin daha sistemli xarakter almasına xidmət edir. Bu baxımdan səfər yalnız mövcud əlaqələrin qiymətləndirilməsi deyil, həm də gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi üçün əhəmiyyətli fürsətdir.
Beləliklə, Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri dostluq münasibətlərinin konkret əməkdaşlıq istiqamətləri üzrə inkişaf etdirilməsi baxımından yeni imkanlar yaradır. Birgə Bəyanatda müəyyənləşdirilən prioritetlərin real layihələrə çevrilməsi siyasi dialoqun iqtisadi, humanitar və nəqliyyat sahələrində yeni nəticələrlə tamamlanmasına şərait yaradacaq. Azərbaycan–Laos münasibətlərinin gələcək inkişafı qarşılıqlı maraqların uzlaşdırılmasından, mövcud potensialın düzgün qiymətləndirilməsindən və əldə olunan razılaşmaların ardıcıl həyata keçirilməsindən asılı olacaqdır.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri