17 Oktyabr – Füzuli şəhəri günü xalqımızın yaddaşında qəhrəmanlıq, milli iradə və doğma torpaqlara qayıdışın rəmzi kimi xüsusi yer tutur. Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbələrdən biri olmaqla yanaşı, Qarabağda yeni həyatın başlanğıcına yol açdı. Bu Zəfər xalqımızın əzmini, dövlətimizin gücünü və ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi.
1993-cü il avqustun 23-də Füzuli şəhərinin və rayonun böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ağır humanitar nəticələrə səbəb oldu. Yüzlərlə rayon sakini şəhid oldu, insanlar doğma yurdlarından didərgin düşdü, tarixi və dini abidələr dağıntılara məruz qaldı. 2020-ci ildə başlanan Vətən müharibəsi isə bu ədalətsizliyə son qoyulması üçün tarixi imkan yaratdı.
Füzuli uğrunda döyüşlər Azərbaycan Ordusunun hərbi qüdrətini və peşəkarlığını nümayiş etdirən ən çətin əməliyyatlardan biri oldu. 30 il ərzində qurulmuş möhkəm müdafiə istehkamlarının yarılması, düşmənin müqavimətinin qırılması böyük şücaət və yüksək döyüş hazırlığı tələb edirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu çətin sınaqdan qalib çıxdı. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi sonrakı hərbi əməliyyatlar üçün də mühüm strateji üstünlüklər yaratdı. Vətən müharibəsi zamanı rayonun ümumilikdə 62 yaşayış məntəqəsi işğaldan azad edildi.
Bu gün Füzulidə əsas hədəf qazanılmış Zəfəri quruculuq və qayıdışla möhkəmləndirməkdir. Prezident İlham Əliyevin tapşırıqları əsasında şəhərin bərpası, müasir infrastrukturun yaradılması və sakinlərin doğma yurda qayıdışı istiqamətində genişmiqyaslı işlər görülür. Füzulinin inkişafını nəzərdə tutan Baş plan əsasında həyata keçirilən layihələr şəhərin gələcək simasını müəyyənləşdirir. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları, Füzuli Beynəlxalq Hava Limanı, enerji və su infrastrukturu bölgənin iqtisadi və nəqliyyat imkanlarını genişləndirir.
Böyük Qayıdış Proqramı çərçivəsində 2023-cü il avqustun 18-dən Füzuli şəhərinə köç prosesi başlanıb. 2026-cı il oktyabrın 1-dək şəhərə 827 ailə, ümumilikdə 3153 nəfər köçürülüb. Doğma yurda qayıdan ailələrin yeni evlərdə məskunlaşması, sosial şəraitin yaxşılaşdırılması və şəhər həyatının bərpası Füzulinin dirçəlişinin əsas göstəricilərindəndir.
Füzulidə yaradılan təhsil və mədəniyyət müəssisələri də gələcəyə hesablanmış quruculuq siyasətinin mühüm hissəsidir. Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb, Qazaxıstanın dəstəyi ilə yaradılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş xalqlar arasında dostluğun və həmrəyliyin rəmzinə çevrilib. Bununla yanaşı, minalarla çirklənmə doğma torpaqların tam təhlükəsizliyinin təmin olunması və bərpa işlərinin sürətləndirilməsi qarşısında ciddi çağırış olaraq qalır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə oktyabrın 17-si Füzuli şəhəri günü kimi təsis edilib. Bu tarix təkcə hərbi qələbənin ildönümü deyil, həm də azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasının, tarixi ədalətin bərpasının və xalqımızın gələcəyə inamının ifadəsidir.
Füzuli bu gün keçmişin ağrılarını arxada qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Şəhərin yenidən qurulması, sakinlərin doğma yurdlarına qayıtması və müasir həyat şəraitinin yaradılması Zəfərin real nəticələrini nümayiş etdirir. 17 Oktyabr – Füzuli şəhəri günü xalqımızın yaddaşında qəhrəmanlıq tarixinin, milli birliyin və Böyük Qayıdışın təntənəsi kimi yaşayır.
Bədəl Bədəlov,
Milli Məclisin deputatı
Kamran Bayramov: AQEM-in güclənən mövqeyi Azərbaycanın təşəbbüsləri fonunda daha da artır