17 oktyabr 2026 13:24
109

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət milli komandası bürünc medal qazanıb.

Azərbaycan Badminton Federasiyasından “İki sahil”ə verilən məlumata görə, “BWF AirBadminton European Continental Championships 2026” turnirində Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət yığmamız qadınların üçnəfərlik yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

C qrupunda mübarizə aparan millimiz ümumi hesabda İsveçrəni və Xorvatiyanı isə 3:0 hesabı ilə məğlub edib. Almaniya yığmasına isə 1:3 hesabı ilə uduzan badmintonçularımız qrup mərhələsini ikinci pillədə tamamlayaraq pley-offa vəsiqə qazanıblar.

1/4 finalda meydan sahibi Yunanıstan yığması ilə qarşılaşan komandamız rəqibini 3:1 hesabı ilə üstələyərək yarımfinala yüksəlib və bununla da Avropa çempionatının bürünc medalını təmin edib.

Finala vəsiqə uğrunda Türkiyə millisi ilə üz-üzə gələn badmintonçularımız ümumi hesabda 1:3 uduzaraq qitə birinciliyini üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, bu, Azərbaycanın AirBadminton üzrə Avropa çempionatlarında növbəti uğurudur. 2025-ci ilin sentyabrında Bakıda təşkil olunan ilk Avropa çempionatında Azərbaycan millisi qarışıq komanda yarışında finala yüksələrək gümüş medal qazanmışdı.