Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 25 oktyabr Qubadlı Şəhəri Günüdür. Rəşadətli Ordumiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün addım-addım irəli gedərək tariximizin şanlı Zəfər səhifələrini yazdı. Artıq altı ildir ki, torpaqlarımızın işğaldan azad edildikləri tarixləri böyük qürur hissi ilə qeyd edirik. 30 ilə yaxın dövrdə torpaqlarımızı işğal altında saxlayan ermənilərin bu ərazilərimizdə törətdikləri vəhşiliklərin miqyası ölçüyəgəlməzdir. Bütün ərazilər tamamilə dağıdılıb, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. Altı ildir sahibinə qovuşmuş torpaqlarımız çal-çağırlı dövrünü yaşayır. Tarixi Zəfərimizdən dərhal sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfər etməklə bərpa-quruculuq işlərinin anonsunu verdi. Müharibədən dərhal sonra bərpa işlərinə başlamaqla Azərbaycan dünya hərb tarixində ilkə imza atdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Dövlət başçısının böyük əminliklə qeyd etdiyi kimi, bundan sonra 25 oktyabr tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək.
Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.
İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
Digər ərazilərimiz kimi, Qubadlı rayonunda da bərpa işləri geniş miqyas alıb. Cənab İlham Əliyevin son altı ildə Qubadlı rayonuna 4 səfəri olub. Bu səfərlər çərçivəsində bir sıra sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilib. Prezident İlham Əliyev 2021-ci ildə Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu hədəfi də açıqlamışdır ki, qubadlılıları buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görüləcək. Burada infrastruktur işləri birinci sıradadır. İndi Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda, burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun.
“25 Oktyabr – Zəfər günü, Qubadlının azad olunması günüdür. 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq” söyləyən cənab İlham Əliyev bildirir ki, müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi gücümüzü və milli ruhumuzu göstərdi: “Göstərdi ki, biz heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik. Əgər qubadlılılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə yığışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik”.
Artıq Qubadlının yeni inkişaf tarixi başlanıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir.
Cari il iyunun 16-da Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Hazırda ərazidə tikinti işləri sürətlə davam etdirilir. Yaşayış kompleksinin ümumi ərazisi 3,34 hektardır. Layihəyə əsasən, burada ümumilikdə 21 yaşayış binasının inşası nəzərdə tutulub. Binalarda 176 mənzil yerləşəcək. Onlardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Mənzillər əsasən iki və üçotaqlıdır. Hazırda 21 binadan və 176 mənzildən ibarət yaşayış kompleksinin bünövrə işləri tamamlanıb. Qubadlının Mahruzlu və Zilanlı kəndləri yenidən qurulur. Rayonun mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır. Burada ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur. Qubadlı rayonunun mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndinin layihələndirilən ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri
İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri də zəfərlə başa çatdırılacaq