23 oktyabr 2026 11:04
150

Qubadlı Şəhəri Günü: tarixi Zəfərin və milli qürurun təntənəsi

“25 Oktyabr - Qubadlı Şəhəri Günü dövlətimizin başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş, xalqımızın milli qürur, qəhrəmanlıq və tarixi ədalətin bərpası rəmzinə çevrilən əlamətdar  tarixdir. 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizin zəfər səhifələrini yazdı. Zəngin tarixi, füsunkar təbiəti ilə seçilən Qubadlı şəhərinin işğaldan azad edilməsindən altı il keçir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan ilə, Şimaldan Laçın, Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Qubadlı rayonu 1993-cü ilin 31 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 27 il amansız dağıntılara, ekoloji terrora məruz qalan Qubadlı rayonu 2020-ci ildə yazılan şanlı Zəfər salnaməsi ilə tarixi sahibinə qovuşdu. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad edildi”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi, qazilərimizin şücaəti hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Şanlı Qələbəmizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlardan biri yeni orden və medalların təsis edilməsidir. Bu baxımdan 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu  Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Malik Həsənov vurğulayıb ki, bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Qubadlı rayonunda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir: “Böyük Qayıdış Proqramı çərçivəsində rayonda müasir infrastruktur layihələri icra edilir, yeni yollar çəkilir, enerji və sosial təminat sistemləri yenidən qurulur. Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Rayonun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. Dövlətimizin başçısı İlham Əliyevin  2021-ci ilin 25 oktyabr tarixində Qubadlı rayonuna səfəri zamanı  sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı olmuşdur. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib”.

Millət vəkili bildirib ki, azad edilmiş ərazilərin bərpasında ilk olaraq  infrastruktur layihələrinin icrasına xüsusi diqqət göstərilir: “Qısa müddətdə mühüm yol layihələri icra edilib və edilməkdədir. Qubadlı rayonu da bu baxımdan diqqətdədir. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir. 28,5 kilometr uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu 2 zolaqlı olmaqla, üçüncü texniki dərəcəyə uyğun inşa edilir. Dövlətimizin başçısı İlham Əliyev  2023-cü il sentyabr ayının  5-də “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb”.

Malik Həsənov qeyd edib ki, cari ilin  iyun ayında  Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb: “Hazırda ərazidə tikinti işləri sürətlə davam etdirilir.  21 binadan və 176 mənzildən ibarət yaşayış kompleksinin bünövrə işləri tamamlanıb. Qubadlı rayonunun  Mahruzlu və Zilanlı kəndləri yenidən qurulur. Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır. Burada ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur. Zilanlı kəndinin layihələndirilən ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə bu kənddə 2520 nəfərin, 630 ailənin yaşaması planlaşdırılıb. Dövlət başçısı İlham Əliyevin 2023-cü ilin may ayında Qubadlı rayonuna səfəri çərçivəsində Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagirdin təhsil alacağı tam orta məktəb binasının, 91 yataqlıq Mərkəzi Xəstəxana binasının, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirilmişdir”.

Millət vəkili Böyük Qayıdış Proqramı çərçivəsində azad edilmiş ərazilərimizə keçmiş məcburu köçkünlərin  mərhələli  qayıdışının təmin edildiyini önə çəkərək tezliklə Qubadlı sakinlərinin də bu sevinci yaşayacaqlarını bildirib.