Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda təhsilini davam etdirən doktorantlarla görüş keçirilib. Görüşün məqsədi doktorantların elmi fəaliyyətini əks etdirən elmmetrik göstəricilərinin, eləcə də elmi fəaliyyətlərinə maneə olan problemlərin müzakirəsi və operativ həllinə nail olunması üçün işlək bir mexanizmin yaradılması olub.
İnstitutun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev çıxış edərək elmi müəssisənin əsas fəaliyyət istiqamətlərinin fundamental tədqiqatlarla Azərbaycan elminin dünya elminə inteqrasiyası, innovativ elmi nəticələrin sənayeyə tətbiqi ilə ölkə iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, yüksəkixtisaslı kadrların hazırlığı ilə universitetlərin, sənaye müəssisələrinin və elmi tədqiqat institutlarının özlərinin elmi kadrlara olan tələbatını ödəmək olduğunu diqqətə çatdırıb.
Doktorantura və dissertantura səviyyəsində kadr hazırlığının vəziyyətinin qənaətbəxş olmadığını təəssüflə vurğulayan Əfsun Sucayev hazırda Kimya İnstitutunda peşəkar gənc kadrların çatışmadığını qeyd edib, bu sahədə aparılan islahatlarda kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi elm və ali təhsil müəssisələrində doktorantura təhsilinə fərqli yanaşmaların tətbiqi mexanizmi üzərində diqqətlə çalışır. Əfsun Sucayev doktorantlardan elmi fəaliyyətlərində daha innovativ olmalarını, həm məşğul olduqları elmi tədqiqat, istərsə də elmin idarəedilməsində təşəbbüskar, yeni ideyalarla çıxş etmələrinin tərəfdarı olduğunu bildirib.
İnstitut rəhbəri doktorantların elmi fəaliyyətinin sitat, nəşr aktivliyi və digər kəmiyyət-keyfiyyət göstəricilərini özündə əks etdirən elmmetrik göstəricilər əsasında qiymətləndirilməsi üçün vahid rəqəmsal profil infrastrukturunun yaradılmasının, beynəlxalq bazalara inteqrasiya və şəffaf bal-kriteriya sisteminin tətbiqinin genişləndirilməsinin lazımlı olduğunu qeyd edib. O, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin elmi işçilər üçün müəyyənləşdirdiyi “maddi mükafat” mexanizmindən doktorantların da yararlana bilməsinin onların elmə həvəsləndirilməsində həlledici rol oynaya biləcəyini vurğulayıb.
İnstitut rəhbəri bu amili nəzərə alaraq hazırda təhsilini davam etdirən doktorantların elmi fəaliyyətinin təhlil edildiyini, elmi fəaliyyətin qiymətləndirilməsində elmmetrik meyarların əsas götürüldüyünü diqqətə çatdırıb. Bu məqsədlə doktorantların dərc etdirdikləri elmi əsərlərin mövcud vəziyyətinin araşdırıldığını, ortaya çıxan mənzərənin acınacaqlı olduğunu narahatlıqla ifadə edib.
Professor həmçinin maddi dəstək, elmə daha çox maraq göstərmək nəzər-nöqtəsindən elmi nəticələri qənaətbəxş olan doktorantların laboratoriyalarda müvafiq işlə təmin edildiyini də bildirib.
Görüşdə hər bir doktorantın təklifləri dinlənilib, onların elmi fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı konkret tapşırıq və tövsiyələr verilib.