23 oktyabr 2026 13:11
122

Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub

Bu gün Xocavənd şəhərinə, Hadrut qəsəbəsinə, Quzeyxırman və Xocavənd kəndlərinə, eləcə də Ağdərənin Heyvalı kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

“İki sahil” xəbər verir ki,  köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Xocavənddə açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 24 ailə (86 nəfər), Quzeyxırman kəndinə 11 ailə (53 nəfər), Xocavənd kəndinə 3 ailə (11 nəfər), Hadrut qəsəbəsinə 2 ailə (6 nəfər), Ağdərənin Heyvalı kəndinə isə 2 ailə (7 nəfər) köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.