Müasir dünyada cəmiyyətin mənəvi, bioloji və iqtisadi sütunlarını sarsıdan, kütləvi fəlakətlərə zəmin yaradan ən qorxulu qlobal problemlərdən olan, xalq arasında haqlı olaraq "ağ ölüm" adlandırılan narkomaniya fərdi fəlakətlə məhdudlaşmır, ailələri dağıdır, genofondu korlayır və dövlətlərin milli təhlükəsizliyinə birbaşa təhdid formalaşdırır.
Bu bəlanın ən qorxulu tərəflərindən biri onun birbaşa ölkənin müdafiə qüdrətinə və hərbi təhlükəsizliyinə qarşı yönəlməsidir. Silahlı Qüvvələr dövlətin varlığının, suverenliyinin və ərazi bütövlüyünün sarsılmaz təminatçısıdır. Ordunun gücü isə yalnız müasir silahlarda deyil, ilk növbədə, əsgərin fiziki sağlamlığında, yüksək psixoloji hazırlığı və intizamındadır. Hərbi xidmət dövründə narkotik istifadəsinin törədə biləcəyi fəsadlar fəlakətli ssenarilərə yol aça bilər və bu problemin həllində maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir.
Bu məqsədlə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Xidmətin hərbi qulluqçuları ilə mütəmadi olaraq keçirilən seminar-toplanışlarda “Zərərli vərdişlərin (narkotik vasitələr) insan sağlamlığına mənfi təsirləri” mövzusu ilə əlaqədar qanunvericilikdən irəli gələn vəzifələr əməkdaşların diqqətinə çatdırılmışdır. Bununla əlaqədar olaraq 2026-cı ildə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar, eləcə də narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barəsində şəxsi heyət arasında geniş təbliğat işləri aparılması üçün Xidmətin strukturuna daxil olan qurumlara müvafiq göstəriş verilmiş və icrası nəzarətdə saxlanılmışdır.
Cari il ərzində Xidmətin struktur qurumları tərəfindən gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsi tədbirləri çərçivəsində Xidmətin təşkilatçılığı və yerli icra hakimiyyətlərinin dəstəyi ilə ənənəvi olaraq davam etdirilən "Vətənpərvər Azərbaycan gəncliyi - Sağlam gənclik, sağlam gələcək” mövzusunda maarifləndirici görüşlər keçirilmişdir. Respublikanın şəhər və rayonlarında (Yevlax, Siyəzən, Gəncə, Naxçıvan, Balakən, Gədəbəy və Bərdə) keçirilmiş görüşlərdə antinarkotik mövzusunda geniş maarifləndirici çıxışlar edilmişdir. Çıxışlarda "ağ ölüm"lə müasir dövrün tələblərinə uyğun mübarizənin hər bir valideynin, müəllimin, ziyalının və ən əsası, hər bir gəncin mənəvi işi olması qeyd olunmuşdur. Cəmiyyətdə narkotik asılılığına qarşı ictimai qınağın artmasının, gənclərin idmana, elmə və hərbi-vətənpərvərlik ruhuna yönəlməsinin vacibliyi vurğulanmışdır. Orta ümumi təhsil müəssisələrində “Sağlam həyat”, “Narkomaniyaya son”, “Zərərli vərdişlərə yox”, “Uşaqlara sağlam həyat”, “Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Ağ ölümə yox deyək!.“Narkomaniyaya qarşı hamılıqla mübarizə aparaq”, “Narkotikə yox deyək!” mövzularında maarifləndirici mühazirələr oxunmuş və aidiyyəti icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə kütləvi tədbirlər keçirilmişdir.
Müasir dövrün tələbləri nəzərə alınmaqla sağlam həyat tərzi və antinarkotik təbliğatı işlərinin daha da genişləndirilməsi məqsədilə onlayn media, sosial şəbəkələr üzərindən aparılması istiqamətində işlər davam etdirilmişdir. Ötən müddətdə sosial şəbəkələrin imkanlarından istifadə edilməklə maarifləndirici və təbliğat xarakterli tədbirlər barədə məlumatlar geniş auditoriyaya çatdırılmışdır. Həmçinin cari il ərzində 26 iyun - Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar və “Narkomaniyaya yox de” devizli sağlam həyat tərzini təbliğ edən mövzularda postlar hazırlanaraq sosial media hesablarımızda yerləşdirilmişdir. Sosial mediada yayımlanan “Stop narkotik” proqramında Xidmətin İdarə rəisi iştirak etmiş gənclərdə vətənpərvərlik ruhu, qalib ölkənin əsgəri olmağın qüruru, sağlam həyat tərzi və çağırışçıların mənəvi-psixoloji hazırlığının əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür.
Vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin insan həyatına təhlükəsi barədə maarifləndirmə işi aparılmış və çağırışaqədər yaş həddində olan vətəndaşların diqqətinə zəruri məlumatlar çatdırılmışdır. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı zamanı dövlət tibb müəssisələrindən narkomaniyaya, narkotik və psixotrop maddələrdən sui-istifadəyə görə qeydiyyatı, diaqnozu və nəzarətdə olub-olmaması, həmçinin daxili işlər orqanlarından – narkotik vasitələrdən, psixotrop maddələrdən qeyri-tibbi məqsədlərlə istifadəyə görə qeydiyyatda olub-olmaması haqqında məlumatlar alınmış və əldə olunmuş məlumatlar üzrə aşkar olunmuş faktlarla bağlı çağırışçılar və onların valideynləri ilə söhbətlər aparılmışdır. Həmçinin cari il ərzində hərbi təlim toplanışlarına cəlb olunan hərbi vəzifəlilərlə hərbi hissələrin qəbul məntəqələrində müvafiq mövzuda maarifləndirici işlər aparılmışdır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-1-ci maddəsinin tələblərinə əsasən, narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə 2026-cı ildə keçirilmiş hər növbəti çağırışa hazırlıq dövründə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılmış qaydada qeydiyyatda olduqları dövlət tibb müəssisələrində icbari narkoloji müayinədən keçirilməsi təmin edilmiş və narkoloji testin nəticəsi pozitiv olan çağırışçıların barəsində müvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin aidiyyəti rayon (şəhər) polis şöbəsinə (idarəsinə) məlumat verilmişdir.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, bu bəlanın yayılmasının qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi Xidmətin fəaliyyətində prioritet məsələlərdən biri olaraq qalır. Bu məqsədlə antinarkotik təbliğat və profilaktika sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət gücləndirilmişdir. Eyni zamanda, sağlam gələcəyin daha etibarlı müdafiəsinin təmin edilməsi və bu sahədə mübarizə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti