2014-cü ildə Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşündən sonra Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında 47 min şəxsi heyətin iştirakı ilə təxribat xarakterli hərbi təlimlər keçirməsi işğalçıya baha başa gəldi. 2014-cü ilin iyul-avqust, ötən ilin aprel döyüşləri göstərdi ki, hər cür maddi imkanlara, hərbi qüdrətə malik Azərbaycan ərazi bütövlüyümüzün bərpasına tam hazırdır. Lakin sülhsevər siyasəti ilə münaqişənin dinc yolla həllinə üstünlük verən Prezident, Ali Baş Komandan İlham Əliyev qan tökülmədən, münaqişənin danışıqlar yolu ilə həllinə sadiqdir.
Ötən ilin aprelində təmas xəttində gərginlik törədən ermənilər qapılarında diləndiklərini havadarlarının göstərişinə əsasən yenidən, daha geniş miqyasda hərbi əməliyyatlara başlayaraq təxribatlarına ara vermirdilər. Erməni silahlı qüvvələri Madagiz, Ağdərə və digər yaşayış məntəqələrindəki ehtiyatları hərəkətə gətirərək döyüş bölgəsinə yerləşdirmək məqsədilə təxribatlar törədirdilər. Bu məkrli niyyətin qarşısını alan Silahlı Qüvvələrimiz 3 istiqamətdə planlı şəkildə döyüş tədbirləri həyata keçirərək düşmənə ağır zərbələr endirdi. Düşmən təxribatının qarşısını alan Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti nəticəsində Talış və Seysulan kəndlərində, Horadiz istiqamətində olan təpələrdə və yüksəkliklərdə mövqeyimiz möhkəmləndi. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalaraq geri çəkildilər. Əməliyyat zamanı 100-ə yaxın düşmən məhv edildi, 500-dən artıq erməni əsgəri yaralandı. Çoxlu sayda zirehli texnika, artilleriya qurğuları sıradan çıxarıldı.
Məsələ ilə bağlı Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında çıxış edən dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev hadisələrə obyektiv qiymət verərək bildirdi ki, biz öz torpağımızdayıq, bura Azərbaycandır: “Lələtəpə də Azərbaycandır. Şuşa da Azərbaycandır. Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik.”
Lələtəpədə Azərbaycanın bayrağını dalğalandıran əsgərlərimiz eyni zamanda işğal altında qalan Azərbaycan ərazilərinə nəzarət imkanı da qazandılar. Əsgərlərimizin nəzarət etdiyi Talış kəndində ermənilərin yenidən məskunlaşdırılması üçün təbliğat aparan, yaşamaq üçün təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirən S. Sarkisyan iqtidarının yalan vədlərinə baxmayaraq heç kəs bir daha o ərazilərə qayıtmaq istəmir. Azərbaycan Ordusunun qüdrətini, Ermənistanın sınıq-salxaq ordusunun məğlubiyyətini hiss edən ermənilər yalan vədlərdən yorulduqlarını aşkar bildirir, Dağlıq Qarabağ müharibəsinin sona çatdırılmasını istəyirlər. Təkcə Lələtəpə əməliyyatı sübut etdi ki, Azərbaycan əsgəri Ermənistanın hər cür təxribatlarına nəinki cavab vermək qüdrətindədir, işğal altında qalan torpaqlarımızı belə qısa müddətdə azad etməyə qadirdir. Füzuli rayonunda olarkən ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub əsgərlərlə görüşən Prezident, Ali Baş Komandan İlham Əliyev “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır” deməklə ordumuzun hazırlığının səviyyəsini yüksək dəyərləndirdi: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi... Azərbaycan Ordusu yenilməz ordudur... Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək.”
Artıq Azərbaycan Silahlı Qüvvələri hərbi hazırlığı, peşəkarlığı, müdafiə və döyüş qabiliyyəti ilə qüdrətli dövlətlərin ordusu ilə eyni sırada dayanır. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məhsulların standartlara cavab verməsi, Azərbaycanda və dünyanın başqa ölkələrində keçirilən beynəlxalq hərbi sərgilərdə də yüksək qiymətləndirilməsi müdafiə qüdrətimizin etibarlı olmasından xəbər verir.
“ADEX-2016” beynəlxalq müdafiə sənayesi sərgisinin Azərbaycanda təşkili ölkəmizdə siyasi-iqtisadi inkişaf kontekstində formalaşan ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan və bəhrəsini verən islahatların uğurudur. Ölkəmizin müdafiə sənayesinin inkişafını əks etdirən bu cür sərginin ikinci dəfə Bakıda təşkili bir də ona görə əhəmiyyətlidir ki, dünya iqtisadiyyatına inteqrasiyanı əsas prioritet kimi hədəf seçən Azərbaycanda bütün sənaye sahələrində müşahidə olunan inkişaf ölkəmizin müdafiə qüdrətini möhkəmləndirən hərbi sənayenin təkmilləşməsinə də təsirini göstərir. Müdafiə təyinatlı məmulatların həcminin 1,6 çeşid sayının 1,8 dəfə artması ölkə iqtisadiyyatının şaxələndirilmiş inkişaf konsepsiyasının uğurudur.
Azərbaycanın prinsipial mövqeyi budur ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır.
Cənubi Qafqazda siyasi sabitliyin təminatı üçün əsas şərt olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini artıran Azərbaycandan fərqli olaraq Ermənistan hələ də güclü orduya malik isterikasından qurtula bilmir. Aprel döyüşlərində Azərbaycan Ordusunun qətiyyətini görən Ermənistan artıq “qüdrətli orduya malik olmaları” ilə lovğalana bilmir. Ölkəsini bütünlükdə havadarının girovuna çevirən Sarkisyanın “ortaq ordu” barədəki illüziyaları istefa tələbi ilə meydanlara toplaşan erməniləri sakitləşdirməkdən başqa bir şey deyildir. Dörd gün davam edən aprel döyüşlərindən sonra başqasına güvənməyin özünü doğrultmadığını bəyanatları ilə bildirən erməni hərbi ekspertləri bu gün də etiraf edirlər ki, “ortaq ordu” təklifi regionda möhkəmlənmək istəyən başqalarının maraqlarına uyğun vasitəçilikdən başqa heç nə vəd etmir. İşğalçı dövlət haqqında deyilir ki, özü müstəqil olmayan Ermənistanın Dağlıq Qarabağa müstəqillik vədi gülünc görünür.
“Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik... Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm” söyləməklə Azərbaycanın ədalətli mövqeyinə sadiq qaldığını bildirən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, bu kimi hallar təkrar olunsa daha ciddi müqavimət göstəriləcək. Azərbaycanda keçirilən Hərbi Hava Qüvvələrinin idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə və ən yüksək texniki standartlar səviyyəsinə çatdırılmasına yönəlmiş təlimlər də göstərdi ki, ordumuz daha irimiqyaslı əməliyyatlara qadirdir. 6 minədək şəxsi heyətin, 50-dən artıq təyyarə və helikopterin, 150-dən artıq tank və zirehli texnikanın, raket və artilleriya qoşunlarının 700-dək qurğu və sisteminin cəlb olunduğu təlimlərdə ən çətin “döyüş əməliyyatları ilə düşmənin hücumlarının qarşısı alındı.”
Hazırda ordumuzun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən alınan avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular, güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklardan istifadə etməklə təmas xəttində gedən döyüşlərdə üstünlük qazanan Azərbaycan hərbçiləri torpaq, Vətən uğrunda canlarından keçməyə hazır olduqlarını aprel döyüşlərində təsdiqlədilər. Əgər bizə qarşı növbəti erməni silahlı təxribatı törədilərsə, yenə də lazımlı, tutarlı cavab veriləcək və nəticə də eyni olacaq. Azərbaycanın hərbi qüdrətinin artması, başqa ölkələrlə hərbi əməkdaşlığını genişləndirməsi ölkəmizin ən etibarlı müdafiəsini təmin edir. Dövlət büdcəsindən müdafiə məqsədilə ayrılan vəsaitlərin artırılması da ordunun qüdrətlənməsi üçün görülən tədbirlərdəndir. 2017-ci ildə ölkənin müdafiə xərcləri üçün 1. 615.359.868 manat vəsaitin ayrılması, Silahlı Qüvvələrimizin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan hərbi ləvazimatların müasir standartlara uyğunlaşdırılması qələbəmizi şərtləndirən amillərdəndir. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, aprel döyüşləri, ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu qələbəyə inamı daha da artırır.
Xuraman İsmayılqızı, “İki sahil”