Müstəqilliyinin bərpasından ötən dövr ərzində böyük inkişaf yolu keçən Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr, dünyanın böyük dövlətləri ilə yaradılan qarşılıqlı faydalı münasibətlər bu reallığı bir daha ortaya qoyur. Bütün bunlara baxmayaraq, uzun illərdir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Ölkəmiz hər zaman münaqişənin həlli ilə bağlı keçirilən danışıqlar prosesində fəal iştirak edib. Ancaq işğalçı Ermənistan bu günə kimi irəli sürülmüş təşəbbüslərin qarşısını almağa çalışır, cəbhə xəttində təxribatlar törətməkdən əl çəkmir.
Tarixə nəzər salsaq görərik ki, 1998-ci ildə Levon-Ter Petrosyanın iqtidardan uzaqlaşdırılması, 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran olunması, 2014-cü ildə Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan danışıqlardan sonra ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi və s. hadisələr onu göstərir ki, işğalçı Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirməkdən istifadə edir.
Bu gün Azərbaycanda gedən sürətli inkişafı şərtləndirən əsas amillərdən biri məhz həyata keçirilən uğurlu daxili və xarici siyasətlə bağlıdır. Bu mənada Prezident İlham Əliyevin qətiyyətli, milli maraqlara uyğun siyasəti nəticəsində ölkəmizin ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsinə səbəb olub. Təsadüfi deyil ki, hazırda Ermənistan regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb.
Ölkə rəhbərliyi mütəmadi olaraq münaqişənin həlli ilə bağlı danışıqlar aparır. Belə ki, Azərbaycan Prezidenti Vaşinqtonda Nüvə Sammitində iştirakı çərçivəsində ABŞ rəhbərliyi ilə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair apardığı danışıqlar zamanı Birləşmiş Ştatlar münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bildirib, Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə edilib. Bununla yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2015-ci ildə münaqişənin həlli ilə bağlı ilkin mərhələdə 5 rayonun azad edilməsinə dair təkliflə çıxış edib. 2016-cı il martın 10-da isə S.Sarkisyan Moskvaya dəvət olunub, ona münaqişənin həllinin zəruriliyi çatdırılıb.
Həmçinin Fransa Prezidenti Fransua Oland cəbhə xəttində vəziyyətin gərginləşməsinə dair aprelin 2-də yaydığı bəyanatında 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib. Bütün bunlar isə onu göstərir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe nümayiş etdirirlər. Beynəlxalq birlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtının çatdığını, mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olduğunu bəyan edir.
Münaqişənin həlli məsələsində beynəlxalq aləmin, böyük dövlətlərin ciddi təpkisi ilə üzləşən işğalçı Ermənistan yenə də təxribata əl atdı. Belə ki, 2016-cı il 1-5 aprel tarixlərində cəbhə xəttində vəziyyət süni şəkildə gərginləşdirildi. Milli Ordumuz isə düşmənə sarsıdıcı zərbə endirdi, nəticədə Ermənistan silahlı qüvvələri 200-ə yaxın hərbçi, çoxsaylı texnika itirdi, həmçinin 2000 hektara yaxın ərazi, o cümlədən Lələtəpə və Talış yüksəklikləri geri qaytarıldı, Silahlı Qüvvələrimiz on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazandı. Ermənistan ordusu isə bir daha öz vəhşi simasını nümayiş etdirdi, təmas xəttində Azərbaycanın yaşayış məntəqələri iriçaplı silahlardan atəşə tutuldu, nəticədə 5 nəfər həlak oldu, 40-a yaxın dinc sakin yaralandı, yüzlərlə ev, infrastruktur obyekti dağıdıldı, vətəndaşların təsərrüfatına ciddi ziyan dəydi.
Bu gün xalqımız aprel döyüşlərini Azərbaycanın qalibiyyətinin başlanğıcı kimi qeyd edir. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, region üçün ciddi təhlükədir. Artıq Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmindədir. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan xalqının həmrəyliyini, birliyini, hakimiyyətlə xalq arasında vəhdəti nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycanla bağlı “məğlub tərəf” sindromunu məhv etdi, bu münaqişədə qalib və məğlub tərəfin olmadığını, Ermənistanın əldə etdiyi “uğurun” müvəqqəti xarakter daşıdığını göstərdi və gec-tez ədalətin bərpa olunacağına əminliyi artırdı. Aprel döyüşləri Ermənistan təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı, bu kimi iddiaların heç bir əsası olmadığını göstərdi. Hadisələrdən dərhal sonra Ermənistan ordusunun rəhbərliyində baş vermiş çoxsaylı “dəyişikliklər” də bunu bir daha təsdiq edir. Aprel döyüşləri Ermənistan cəmiyyətində gərginliyi artırdı, xalqla hakimiyyət arasında uçurumu daha da dərinləşdirdi. Aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına və Azərbaycanın böyük üstünlük qazanmasına səbəb oldu.
Qeyd etdiyimiz kimi, bu gün ölkəmizin hər bir bölgəsində aprel döyüşlərinin ildönümü böyük ruh yüksəkliyi ilə qeyd edilir, şəhid olmuş qəhrəman Azərbaycan oğullarının xatirəsi ehtiramla anılır. Sözsüz ki, bu, bir başlanğıcdır. Torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi gün uzaqda deyil. Qarşıda bizi daha böyük zəfərlər və qələbələr gözləyir.
Nail Rəhimzadə, “İki sahil”