Özbəkistanın Kaşkadərya vilayətinin Quzar rayonunda layihə dəyəri 3,42 milyard dollar olan “Uzbekistan GTL” zavodunun açılış mərasimi keçirilib.
“İki sahil” xəbər veri ki, açılış mərasimində ölkə prezidenti Şavkat Mirziyoyev iştirak edib.
Dövlət başçısının mətbuat xidməti bildirib ki, mərasimdəki çıxışında Ş.Mirziyoyev zavodun açılışını ölkənin sənaye inkişafının salnaməsində daha bir parlaq səhifə açan möhtəşəm hadisə adlandırıb: “Bu zavod təkcə ölkəmizdə deyil, bütün regionda neft-kimya sənayesində ən böyük müəssisədir. O, ildə 3,6 milyard kubmetr təbii qaz emal edəcək və dəyəri 1 milyard dollardan çox olan 1,5 milyon ton maye yanacaq hasil edəcək. O cümlədən, 307 min ton aviasiya kerosini, 724 min ton dizel yanacağı, 437 min ton nafta, 53 min ton maye qaz istehsal edəcək”.
Onun sözlərinə görə, bu məhsulların buraxılması hesabına idxalın əvəzlənməsi ildə 500 milyon dollar təşkil edəcək, ixrac 200 milyon dollar, büdcəyə isə 2 trilyon sum (təxminən 185 milyon dollar) vergi daxilolmaları təmin ediləcək.
İqtisadi effektə gəlincə, Ş.Mirziyoyev qeyd edib ki, zavod təbii qazı dünya bazarında yüksək tələbat olan, dəyəri 3 dəfə baha olan hazır məhsula çevirəcək. Xüsusilə, burada istehsal olunacaq aviasiya kerosini digər zavodların məhsulları ilə müqayisədə xeyli təmiz və keyfiyyətlidir və ən müasir təyyarələr üçün nəzərdə tutulub. Dizel yanacağı da yüksək standartlara cavab verir - Avro-6-dan aşağı deyil.
Prezident vurğulayıb ki, bu gün dünya fəal şəkildə “yaşıl” iqtisadiyyata doğru gedir və yeni zavod bu tendensiyaya tam cavab verir. O əlavə edib ki, zavodun məhsulları ən yüksək beynəlxalq ekoloji tələblərə, norma və standartlara tam cavab verir.