Türkiyə rəhbərliyi qətim Efesi şəhərini tarixi görkəminə qaytarmaq və regionun turizm potensialını artırmaq üçün kanal layihəsi yaradıb.
“İki sahil” “Sabah”a iustinadən xəbər verir ki, İzmir vilayətinin qədim Efes şəhəri 2022-ci ilin sonuna qədər yeni kanalın istifadəyə verilməsi sayəsində yenidən dənizə qoşulacaq
Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin sözlərinə görə, dünyaca məşhur qədim Efes şəhəri 2022-ci ilin sonuna qədər 2 min 500 ildən sonra yeni kanalın köməyi ilə Egey dənizinə qovuşacaq.
Kanalın tikinti işləri ilə tanış olan nazir deyib ki, Efes keçmişdə liman şəhəri olub, bu gün isə dənizdən 9-10 km aralıda yerləşir.
"Efesi tarixi görkəminə qaytarmaq, yenidən Efesi cazibə mərkəzinə çevirmək və bölgənin turizm potensialını artırmaq üçün kanal layihəsi yaratdıq", - deyən Pakdemirli əlavə edib ki, bölgədə xristianlar üçün çox əhəmiyyətli yerlər var. Müsəlmanlar Həcc ziyarəti etdiyi kimi, xristianlar da gəlib Müqəddəs Məryəm kilsəsini və digər xarabalıqları ziyarət edirlər.
Layihə bir neçə mərhələdə həyata keçiriləcək. Birinci layihənin nəticələrindən sonra kanalın girişi yenidən qurulacaq. İkinci mərhələ İzmir-Kuşadası avtomobil yolundan Efes limanına qədər ərazinin tarixi quruluşa uyğun olaraq yenidən təşkilini nəzərdə tutur. Beləliklə, layihə başa çatdıqdan sonra turistlər qədim Efes şəhərini təkcə qurudan deyil, dəniz yolu ilə də ziyarət edə biləcəklər.
Türkiyənin qərbindəki qədim Efes şəhəri 2015-ci ildə rəsmi olaraq YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.