YAP İmişli rayon təşkilatında “Qarabağda işlər planlı şəkildə aparılır” adlı "dəyirmi masa" keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, hərbi əməliyyatlar yekunlaşan ilk günlərdən etibarən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilib. Natiq qeyd edib ki, bölgənin “yaşıl enerji” zonası elan edilməsi və ən müasir texnologiyalar əsasında infrastrukturun yaradılması üçün həyata keçirilən işlər, ilk olaraq təməli qoyulan yaşayış massivinin də məhz “ağıllı kənd” konsepsiyası əsasında olması bölgədə yenidənqurma-bərpa işlərinin ən müasir standartlarla həyata keçirilməsindən xəbər verir.
Digər çıxış edənlər vurğulayıblar ki, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması da prioritet hədəflər sırasındadır. Quruculuq işlərində dünyanın ən qabaqcıl texnologiyalarından istifadə olunur. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaqdır.