20 iyul 2022 23:03
785

Azərbaycan Avropa İttifaqının mühüm enerji tərəfdaşıdır

“Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Nəhəng neft-qaz layihələri göstərib ki, biz bütün öhdəlikləri yerinə yetiririk. İmzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib”. Ötən həftə Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyilən bu fikirlər hər ötən gün özünü bir daha təsdiqləyir. Bu gün ölkəmiz dünyada sözü də imzası qədər etibarlı olan nadir ölkələrdən biri kimi tanınır. Hazırda dünyanın içində olduğu böhran şəraitində ölkələrin öz xarici siyasətini müstəqil həyata keçirməsi və tərəfdaşları tərəfindən “etibarlı” olaraq qəbul edilməsi həqiqətən də çox çətin və dəyərlidir. Bu isə əlbəttə ki, illərlə aparılmış düzgün siyasətin, öz öhdəliklərinə hörmət və sədaqətin nəticəsidir. Məlumdur ki son illərdə bəzi dövlətlər öz təbii sərvətlərindən, xüsusilə də enerji qaynaqlarından qonşularına qarşı siyasi təzyiq və təhdid metodu olaraq istifadə edirlər. Siyasi mədəniyyətə heç də uyğunlaşmayan bu hərəkət təbii ki, dövlətləri enerji təhlükəsizliyi barədə ciddi şəkildə düşünməyə sövq edir. Belə olan halda isə Azərbaycan kimi etibarlı tərəfdaşlar daim əsas çıxış yolu olaraq qəbul edilir. 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edərkən xanım Prezidentin səsləndirdiyi bu fikirlər də dediklərimizin birbaşa sübutudur: “Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız..... İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir”. Beləliklə, bu sözlərdən də aydındır ki, Brüssel Bakını qaz təchizatının təhlükəsizliyinin təmin edilməsində ən mühüm tərəfdaş kimi görməkdədir. Avropa Komissiyasının Prezidentinin sözlərinə görə, Avropa İttifaqı bir neçə il ərzində Azərbaycandan qaz nəqlinin həcmini iki dəfə artırmaq niyyətindədir. Yuxarıda adı çəkilən sənədə uyğun olaraq beş il ərzində Cənub Qaz Dəhlizi üzrə qaz təchizatı iki dəfə artacaq - 2027-ci ildən Avropaya hər il azı 20 milyard kubmetr mavi yanacaq ötürüləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Aİ arasında gündəmdə olan məsələlər sadəcə təbii qazın nəqli ilə bağlı deyil, eyni zamanda bərpaolunan enerji mövzusu da aktuallığını qoruyub saxlamaqdadır. Məlumdur ki, ölkəmizdə çox böyük alternativ enerji potensialı var və bu potensialdan istifadə etmək məqsədilə artıq bir çox addımlar atılıb. İlin birinci yarısı ərzində bu istiqamətdə bir neçə mühüm tədbirlər keçirilib. Belə ki, 13 yanvar 2022-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının və 15 mart 2022-ci il tarixdə  Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimləri baş tutub. Bununla yanaşı, Xəzər dənizinin və işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun böyük enerji ehtiyatlarının mövcudluğu artıq təsdiq olumuş reallıqdır. Bütün bunlar çox vacibdir, çünki ölkə başçımızın da dediyi kimi, biz hamımız yaxşı bilirik ki, artıq ənənəvi enerji növlərinə investisiyalar get-gedə azalacaq. Gələcəyin enerji növləri - hidrogen, yaşıl hidrogen və elektrik enerjisidir. Biz burada bir addım geri olmamalıyıq, əksinə, qabağa getməliyik və bunun üçün bütün imkanlar mövcuddur. Beləliklə, Azərbaycan dünyada yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcəkdir. Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsində təşəbbüsləri Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilməkdədir.

Avropa İttifaqı ilə bağlı bir nüansı da qeyd etmək istərdim ki, Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. Həmçinin sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün vacib mənbələrdən biridir. Mümkündür ki, gələn illərdə icrası planlaşdırdırılan layihələrlə ticari əməkdaşlığımız daha da genişlənəcəkdir. Bununla bağlı xanım Prezident Ursula Fon der Lyayenin çıxışında sitat vermək istərdim: “Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir. Həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir”. Digər bir tərəfdən Aİ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsində də aktiv rol oynayır. Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfələr verir. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə artıq 3 dəfə iki ölkə rəhbərinin görüşləri baş tutmuşdur ki, bu görüşlərin hər birini ölkəmiz üçün uğurlu hesab etmək olar. Eyni zamanda, Avropa İttifaqı işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsinə də dəstək verir. Beləliklə, tərəflər arasında əməkdaşlığın böyük perspektivi var və bu amil Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da güclənməsinə təkan verəcəkdir.

Emin Süleymanov,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri