21 iyul 2022 16:44
738

YAP Binəqədi rayon təşkilatında Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirildi FOTO

İyulun 21-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının, Binəqədi Rayon İcra Hakimiyyətinin rayon Gənclər və idman idarəsinin Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov 147 illiyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi şərəfli və keşməkeşli yoldan danışıb. Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu qeyd edən natiq xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atıldığını, bu kursun Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib. O, Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizdə jurnalistlərimizin rolunu vurğulayaraq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında onların misilsiz xidmətlərindən ətraflı bəhs edib. V.İsmayılov mətbuat nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək Azərbaycan milli mətbuatının inkişaf tarixindən, ümummilli lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Ulu Öndərin milli mətbuata göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. S.Süleymanova jurnalist peşəsinin çox böyük məsuliyyət tələb etdiyini və dövlətimizə, xalqımıza vicdanla, ləyaqətlə xidmət edən mətbuat təmsilçilərinin yorulmaz fəaliyyətini təqdir edib.

Görüşdə çıxış edənlərdən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Günel Həsənova və YAP Binəqədi rayon təşkilatının sədr müavini səlahiyyətlərini icra edən Kubra Əliyarlı çıxış edərək mətbuat nümayəndələrini təbrik ediblər.

Tədbirdə çıxış edən media təmsilçiləri – Əsgər İbrahimov, Nardar Bayramlı, Zümrüd Bayramova, Röya Rasimqızı, Süleyman İsmayılbəyli, Nicat Ülfətoğlu, Faiq Əzimzadə göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Görüşün sonunda jurnalistlərə Fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

Daha sonra xatirə şəkli çəkdirilib.

Röya Rasimqızı, “İki sahil”