25 iyul 2022 19:09
787

 Lənkəranda  bədii gimnastika üzrə ustad dərsi - FOTO

Cənub bölgəsinin mirvarisi sayılan Lənkəranda son vaxtlar yeniyetmələr  arasında bədii gimnastikaya  böyük maraq yaranıb. Onlara dəstək məqsədilə şəhər Gənclər və İdman İdarəsi, eləcə Azərbaycan gimnastika Federasiyasının birgə təşkilatçılığı ilə bu idman növü üzrə  master-klas təşkil olunub. Onu da bildirək ki, ustad dərsi məşqçilər və yaşı səkkizdən yuxarı olan   gimnastlar üçün nəzərdə tutulub. Master-klas isə bədii gimnastika üzrə yığma komandanın məşqçisi Səbinə Hacıyeva və yığma komandanın üzvü Nərmin Bayramova tərəfindən aparılıb.

 Ruzanna Dünya çempionatında

Masallıdan olan güləşçi xanım  Ruzanna Məmmədovanın  sorağı dünyanın mötəbər  yarışlardan  gəlir. Sevindirici haldır ki, Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionu adını qazanan  bu güləşçi xanım İtaliyanın paytaxtı Romada 25-31 iyul tarixlərində keçiriləcək Dünya çempionatda Azərbaycanı güləş üzrə qadınlardan ibarət yığma komandada təmsil edir. Ruzannanın   ilik yarış günü 27 iyulda nəzərdə tutulubdur. O, 49 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxar. Avropa çempionun rəqibi 26 iyulda  keçirilən püşkatma mərasimində  müəyyən olunar.

 Sağlam gələcək naminə

Astara rayonunda  hər həftəsonu  təşkil olunan “İdman hamı üçün” layihəsinə dəstək,  eləcə də rayonda yeniyetmə və gənclər arasında sağlam həyat  tərzini kütləviləşdirmək məqsədilə  “Street workout” (Açıq hava fitnesi) çoxnövçülük üzrə idman  yarışları, karate və idman etüdləri keçirilib.  Sağlam həyatı təmin edən  bu idman tədbirlərin maraqlı, yadda qalan olmasından ötrü  məşqçi-müəllimlərdən A. Ağazadənin, Ə. Ağayevin, “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin sədri C. Cəfərlinin zəhməti daha çoxdur.

Sonda  tədbirdə fərqlənən yeniyetmə və gənclərə  Rayon Gənclər və İdman İdarəsinin sertifikatları təqdim olunub.

Lerikdə futbol sevinci

Dağlar diyarı Lerikdə futbol həvəskarlarını  qarşıdan maraqlı yarışlar gözləyir. Yaxın günlərdə idmanın bu növü üzrə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rayon  çempionatı başlayır.  Çoxdan gözlənilən çempionatın təşkilatçısı Lerik Rayon Gənclər və İdman İdarəsi,  tərəfdaşı isə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyidir. Yarışlarda  iki qrupda 11 komanda yaşıl meydançaya çıxar.

Artıq püşkatmanın nəticələri və oyunların tarixləri bəllidir.   İlk oyun günü 28 iyul 15:00  başlanar. Rəqiblər “Şəhidlər”(Lerik) və “Pirasora” komandaları olacaq.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü