03 avqust 2022 03:15
753

Vətənin ölməz oğulları unudulmur FOTO

Masallıda Birinci Qarabağ və Vətən müharibələri qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində  tədbirlər tez-tez təşkil olunur.   Rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları və şəhid ailələrinin iştirak  etdiyi  belə bir tədbir iyul ayında doğulan Birinci Qarabağ,  eləcə 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlərlə  bağlı idi.   Onu da  bildirək ki, tədbir  Masallı Tarix – Diyarşünaslıq  Muzeyi  Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı sayəsində baş tutdu.    

Əvvəlcə Vətəni, torpağı üçün canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.  Sonra muzeyin direktor vəzifəsini müvəqqəti icra edən   D. Məmmədova layihənin əhəmiyyətindən danışdı,  iyul ayında doğulan, doğma Azərbaycanın bütövlüyü  naminə döyüşmüş əsgər və zabitlər haqqında geniş məlumat verdi. Qalereyanın direktor vəzifəsini icra edən T. Məcidov  isə öz çıxışında  bildirdi  ki, Qarabağ uğrunda müharibədə misilsiz şücaətlər göstərən, ölümləri ilə ölməzlik qazanan şəhidlər dövrümüzün qəhrəmanlarıdır və onları  tanıtmaq, bununla  gənclərə Vətəni sevməyi öyrətmək bizlərin mənəvi borcudur.

 Şəhidlərin doğmaları  öz əzizləri  haqqında qürurla danışdılar, onlarla  bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər, ölkədə şəhid ailələrinə,  Vətən naminə döyüşüb  sağlamlığını itirənlərə göstərilən qayğıya görə dövlətə minnətdarlıq etdilər.

Yekunda tədbirə qatılan və iyul ayında doğulan şəhidlərin ailələrinə  layihə təşkilatçıları  tərəfindən “Təşəkkürnamə” təqdim olundu, xatirə şəkilləri  çəkildi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü