03 avqust 2022 15:41
672

Badminton Federasiyası və DOST yeni layihəsini təqdim edib - FOTO

Azərbaycan Badminton Federasiyası (ABF) ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı əsasında “Şən İnklüziv Badminton” layihəsinin təqdimat mərasimi keçirilib.

Federasiyadan “İki sahil”ə verilən məlumata görə, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində baş tutan festivalda Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, ABF-in prezidenti Taleh Ziyadov, Gənclər və İdman Nazirliyinin, müxtəlif idman federasiyalarının nümayəndələri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd əhalinin həssas təbəqəsindən olan şəxslərdə badmintona maraq yaratmaq, bu idman növünün hamı üçün əlçatan olmasını təbliğ etmək, əyləncəli və səmərəli vaxt keçirməkdir. Festival zamanı virtual köşədə fiziki məhdudiyyətli şəxslərin badminton oynaması üçün xüsusi texniki avadanlıqla təchiz olunmuş virtual reallıq proqramı nümayiş etdirilib. Proqram xüsusi səs effektləri və 3D görüntü vasitəsilə fiziki məhdudiyyətli iki inklüziv benefisiara öz həmkarları ilə virtual formada badminton oynamaq imkanı qazandırır.

Tədbirdə 60-dək benefisiar üzərində “Şən volan” əks olunmuş ağ köynəkləri olimpiya halqalarının rənglərinə uyğun boyayaraq badminton üzrə milli komandanın üzvlərinə hədiyyə ediblər. İştirakçılar sertifikatla təltif olunub.

Qonaqlar benefisiarların əl işlərindən ibarət sərgi ilə də tanış olublar. MOK-un 30 illik yubileyi çərçivəsində keçirilən tədbirə konsert proqramı ilə yekun vurulub.

Qeyd edək ki, ABF ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin 4 aydan çoxdur davam edən əməkdaşlığı çərçivəsində bir sıra layihələr həyata keçirilib. Daha öncə Abşeron Olimpiya Kompleksində parabadminton üzrə məşqlərə start verilib. DOST İnklüziv İnkişaf və Yaradıcılq Mərkəzinin dəstəyi ilə fiziki məhudiyyəti olan bir sıra uşaqlar parabadmintona cəlb olunub.