06 avqust 2022 12:16
899

YAP-ın Xəzər rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının “Zirə qəsəbəsi S.Ə.Şirvani 2” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib. “İki sahil” xəbər verir ki, bu münasibətlə keçirilən təsis konfransında “Azərişıq” ASC-nin Xəzər rayonu Zirə Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Rasim Həsənov qeyd edib ki, Zirə Enerji Təchizatı və Satışı İdarəsinin kollektivi işgüzar, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq əməkdaşlarla komplektləşdirilib və onların əksəriyyəti Yeni Azərbaycan Partiyasına üzv olmaq arzusundadır. O, həmçinin YAP-ın yaranması, keçdiyi inkişaf yolu haqqında geniş məlumat verərək qeyd edib ki, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyası ötən 30 ildə çox böyük inkişaf yolu keçərək Azərbaycan xalqına və dövlətçiliyinə ləyaqətlə xidmət edib.

YAP Xəzər rayon təşkilatının məsul əməkdaşı Hafis Tağıyev partiyanın VII qurultayından bu günə qədər görülmüş işlər, aparılan islahatlar və YAP-ın Sədri, Prezident İlham Əliyevin partiya qarşısında qoyduğu hədəflər barədə ətraflı məlumat verib. Zirə Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşlarının bu təşəbbüsünü alqışlayıb və onların dövlətimizin daha da inkişafı naminə bir amal ətrafında birləşməyinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın əldə etdiyi uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu olduğunu vurğulayan Hafis Tağıyev bildirib ki, bu gün YAP-ın ideyaları, fəaliyyəti xalqımız tərəfindən dəstəklənir. Hazırda 760 mindən artıq üzvünün olması YAP-ın potensialını açıq şəkildə nümayiş etdirir. Daha sonra təşkilatı məsələlərə baxılıb.