28 avqust 2022 14:06
721

Şəhidlərin xatirəsinə həsr olunmuş yarış keçirilib

Astara şəhidlərinin xatirəsinə həsr olunmuş savat döyüş növü üzrə klublar arası açıq Astara rayon turniri  keçirildi. Rayon Gənclər və İdman İdarəsinin, “Astara Aslan” Döyüş İdman Klubunun birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq uşaqlar, yeniyetmələr, gənclər arasında  turnir rayon Boks Mərkəzində oldu. Yarışın açılış mərasimində  Dövlət Himni oxundu,  Vətən  uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anıldı. Çıxışlarda “Astara Aslan” Döyüş Klubunun direktoru, dəfələrlə beynəlxalq yarışların mükafatçısı, yarışların baş hakimi Zamin Baxşıyev, Azərbaycan Savat Federasiyasının cənub zonası üzrə nümayəndəsi, VI Dan qara kəmər ustası Nəzərəli Əliyev, Astara Boks Mərkəzinin baş məşqçisi Ayaz Baxşiyev, Beynəlxalq yarışların mükafatçısı VI Dan Qara kəmər ustası Ramiq Rəhmanov, Vətən müharibəsi qazisi  Ümid Tağıyev və  Elmin Yusubov yarışın keçirməsində  məqsədin   şəhidlərin xatirəsinin yad edilməsi, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ və tərənnüm olması, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, savat idman növünün kütləviliyinin inkişafı  olduğunu dedilər.  Həmçinin natiqlər  ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətdən  , 44 günlük Vətən müharibəsində Azərbaycan vətəndaşlarının, gənclərinin, idmançılarının  göstərdiyi qəhrəmanlıqdan  danışdılar, yarışa qatılan  hər idmançıya uğurlar arzuladılar.

 Əsasnaməyə uyğun olaraq yarış Beynəlxalq savat döyüş qaydalarına uyğun kombat və asso versiyası üzrə müxtəlif yaş və çəki dərəcələri üzrə  start götürdü.  Astaradan 4, Lənkərandan 2, Masallıdan 1 və  Bakı şəhərində 4 komanda olmaqla 115  nəfər idmançı fəxri yerlər uğrunda  mübarizəyə başladılar.

Sonda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Rayon Gənclər və İdman İdarəsinin,  “Astara Aslan” Döyüş Klubunun birgə təsis etdikləri diplom, medal və  döyüş kəmərləri ilə təltif olundular.  Həm də tədbirə gələn şəhid Sadiq Zeynalovun atası Kamal Zeynalova, şəhid Şahnur Hüseynovun qardaşı Şəhriyar Hüseynova, şəhid  Arif Qeybiyevin həyat yoldaşı İranə  Qeybiyevaya, şəhid Kamran Seyfullazadənin bacısı Samirə Seyfullazadəyə, şəhid Sadiq Bağırzadənin əmisi oğlu Rahim Bağırzadəyə xatirə diplomları verildi.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü