2022-ci ilin 20-28 avqust tarixlərində Çexiya Respublikasının paytaxtı Praqada Beynəlxalq Muzeylər Şurasının 26-cı Baş Konfransı keçirilib.
Konfransda iştirak edən “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin sədrinin birinci müavini, ICOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov “Muzeylər hərb tarixinin qoruyucusu: Azərbaycan, Türkiyə və Rusiya muzeylərinin nümunəsində” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Qələbə qazanaraq 30 ilə yaxın erməni işğalında altında qalan torpaqlarını azad etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanat ordumuzun döyüş meydanında qazandığı parlaq qələbənin hüquqi müstəvidə rəsmi təsdiqi kimi qiymətləndirilməlidir. Məruzədə, həmçinin qeyd edilib ki, Azərbaycanın tarixi qələbəsi nəticəsində regionda sabitlik və inkişaf hökm sürür.
Sonra P.Gözəlov Azərbaycanın dövlətçilik tarixinin əyani sübutu olan tarixi bayraqlarının Osmanlı İmperiyasının bayraqları ilə genetik cəhətdən oxşar olduğunu deyib.
Konfransda Pərvin Gözəlovun müəllifi olduğu Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Naxçıvan xanlığına məxsus üç bayraq” adlı kitab təqdim edilib. Kitabda P.Gözəlov Azərbaycanın elmi-mədəni tarixində ilk dəfə olaraq 2015-ci ildə aşkar edilmiş Naxçıvan xanlığına məxsus üç müxtəlif bayraqla bağlı ətraflı tədqiqat materialı oxucuların diqqətinə çatdırılır. Nəşrdə Naxçıvan xanlığının dövlət və döyüş bayraqları ilə Azərbaycanın Dövlət bayrağında istifadə edilən rəmzlərin eyniliyi barədə izahlı məlumat təqdim edilir.
Beynəlxalq Muzeylər Şurasının nəzdində 141 ölkədən 45000 nəfər, 126 milli komitə və 30 Beynəlxalq komitə fəaliyyət göstərir. Beynəlxalq Muzeylər Şurasının 26-cı Baş Konfransı çərçivəsində Baş Asambleyasının 24 avqust iclasında səs çoxluğu ilə xanım Emma Nardi ICOMAM-ın prezidenti seçilib.
Cavid Əkbərov, “İki sahil”