Qazaxın Cəfərli kənd məktəbinin bir qrup müəllimi və 9-cu sinif şagirdlərinin Göyəzən dağını və orada bitən dağdağan ağacını ziyarət edərək, ağac ətrafında “dilək tutmaları” və bu zaman çəkdirdikləri fotonun məktəbin sosial şəbəkə səhifəsində paylaşılması bir neçə gündür ki, geniş rezonansa səbəb olub.
“İki sahil” xəbər verir ki, AZƏRTAC-ın əməkdaşı məsələ ilə əlaqədar məktəbdə olub, bununla bağlı mövqe öyrənməyə çalışıb.
Azərbaycan dili və ədəbiyyat müəllimi olan Orxan Əhmədov deyib ki, sosial şəbəkələrdə yayılan həmin foto məktəbin səhifəsində səhvən paylaşılıb, lakin sonradan silinib: “Sadəcə o ərazidə başqa şəkil çəkiləcək yer olmadığına görə şagirdlərimiz həmin ağacın ətrafında dayanıb, müəllimlərlə bir yerdə foto çəkdiriblər. Bu fotunun xurafatla heç bir əlaqəsi yoxdur”.
Bildirilib ki, şagirdlərin ağacın ətrafında yığılmasının xurafata yozulması yanlışdır. Çünki Qızıl Aypara Cəmiyyəti ilə Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində yerli abidələrə ekskursiya təşkil edilib. Həmin foto da o zaman çəkilib.
Ekskursiyada iştirak edən 9-cu sinif şagirdi Samir Nəbiyev isə deyib ki, feysbukda səhvən paylaşılan fotonun belə rezonansa səbəb olacağını bilməzdilər: “Deyirlər ki, guya dilək ağacı olub, biz orada dilək tutmuşuq. Lakin bu, düz deyil. Mən şəxsən elə şeylərə inanmıram. Orada sinif yoldaşlarımızla yığlıb mahnı oxuyub, musiqi dinləyib, əylənmişik”.
Qeyd edək ki, məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən məsələ ilə bağlı açıqlama verilib. Açıqlamada deyilir: “Qazax rayon Cəfərli kənd tam orta məktəbin "Facebook" səhifəsində yerləşdirilən və sosial şəbəkələrdə yayılan paylaşımla əlaqədar bildiririk ki, məktəb tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının səmərəli təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib və həmin ərazidə olan ağacın ətrafında şəkillər çəkilib. Həmin şəkillərdən biri yalnışlıqla məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb. Məsələ ilə əlaqədar məktəb direktorunun izahatı alınıb və müvafiq intizam tənbeh tədbiri görülüb”.