Oktyabr ayının 20-də Biləsuvar rayonunun Bağbanlar kəndində şəhid Əmənov Məhəmməd İltizam oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olunub.
“İki sahil” xəbər verir ki, ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin ruhuna dualar oxunmuş və valideynlərinə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş şəhid Əmənov Məhəmməd İltizam oğlu 18 sentyabr 1996-ci ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Bağbanlar kənd tam orta məktəbində təhsil almışdır. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarından ayrılmayaraq gizirlik kurusunu oxuyur. Gizirlik məktəbini başa vurduqdan sonra, düşmənə yaxın təmas rayonlarında vətənə min bir həvəslə xidmət etməyə başlayır. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş, düşmənə qarşı hücumda iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, Suqovuşanın alınmasında, Tərtər bölgəsində və Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb, Ağdərə rayonunun alınması istiqamətində gedən döyüşlərdə rəşadət göstərərək qəhrəmancasına şəhid olmuşdur. Şəhid Məhəmməd Əmənov 20 oktyabr 2020-ci ildə doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əmənov Məhəmməd İltizam oğlu ölümündən sonra "Qarabağ" ordeni ilə, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!