Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 95 nəfərdən ibarət 17 ailənin növbəti köçü baş tutub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "İki sahil"ə verilən məlumata görə, Bakıdan yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.
Bugünədək Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 150 ailə, 744 nəfər köçürülüb.
Köçürülən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.
Həmçinin, bu həftənin şənbə günü – 28 oktyabr tarixində də Ağalı kəndinə növbəti köç baş tutacaq. Bu dəfə isə 24 ailə öz doğma yurdlarına geri qayıdacaq.
***
Oktyabrın 26-da Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən "İki sahil"ə verilən məlumata görə, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 17 ailə - 95 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.
Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma oktyabrın 20-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
Yolasalma mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 150 ailə, 744 nəfərə çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.