Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığı ilə nəticələndi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı.
Şəhidi olmayan xalqın Vətəni olmaz. Azərbaycan xalqının qəhrəman övladları da şəhidliyi hər zaman Vətənə olan sevginin təcəssümü olaraq görüblər. Kənan Quliyev və Miryasin Seyidov da qəlbi daim Vətən sevgisi ilə döyünən və bu amal uğrunda canından keçən həmin igid oğullarımızdandır.
Culfa rayonundan olan Kənan Quliyev və Miryasin Seyidov 2020-ci il oktyabrın 26-da çox sevdiyi Vətən torpağına qovuşublar. Bu gün Culfa rayonunda şəhidlərimizin anım mərasimi keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidlərimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib. Qeyd edilib ki, xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.