Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Kürdəmir regional “ASAN xidmət” mərkəzinin K212 könüllü qrupunun təqdimat mövzusu olan, “Yeni Azərbaycan Partiyasının tarixi” adlı tədbir keçirilmişdir.
Tədbir Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və Kürdəmir regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, Kürdəmir regional “ASAN xidmət” mərkəzinin direktoru Ruslan Muradov, “ASAN xidmət” mərkəzinin könüllüləri və partiya fəalları iştirak ediblər.
Daha sonra Kürdəmir regional “ASAN xidmət” mərkəzinin direktoru Ruslan Muradov məruzə edərək vurğulayıb ki, Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən bu il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Vətəninə, xalqına bağlı olan dünya şöhrətli dövlət xadimi, müdrik şəxsiyyət Heydər Əliyevin müstəqil dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri, azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi istiqamətindəki tarixi rolu əvəzsizdir. Naxçıvanda 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə bu günün hakim partiyası – Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Naxçıvan Muxtar Respublikasında yaranmış gərgin, böhranlı vəziyyəti aradan qaldırmağın öhdəsindən məhz Heydər Əliyev – böyük təcrübəyə malik, səriştəli bir rəhbər, dünyada tanınmış siyasətçi gələ bilərdi. Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən rəhbərlik edilən Yeni Azərbaycan Partiyası bu gün ölkədə ən nüfuzlu siyasi partiyadır.
Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Kürdəmir rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Qalib Baxşiyev və Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülsüm Qənbərova çıxış edərək bildiriblər ki, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil siyasətinin uğurlarını yaşayır. Ümummilli Liderimizin rəhbərliyi ilə dövlətçiliyin əsasları qoyuldu, milli Konstitusiyamız qəbul edildi, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birliyə çağrıldı. Siyasi islahatlar aparıldı, cəmiyyətin idarə edilməsində əhəmiyyətli rola malik olan, ayrı-ayrı sahələrin inlikafına yol açan qanunlarımız qəbul edildi.
Gənclər siyasəti haqqında qanun qəbul edildi. Natiqlər vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər qazanır. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı. Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 800 min nəfərə yaxın insanın birləşməsi də bu faktı təsdiqləyir.