30 oktyabr 2023 12:08
474

İmişlidə şəhid Arif Allahverdiyevin doğum günü qeyd olunub FOTO

Birinci Qarabağ müharibəsi şəhidi Arif Allahverdiyevin doğum günü adını daşıdığı İmişli rayonu Qaralar kənd A.Allahverdiyev adına tam orta məktəbdə qeyd olunub. Dövlət himnimiz səsləndirildikdən sonra iştirakçılar vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

“İki sahil” xəbər verir ki,  tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aysel Cəfərzadə Arif Allahverdiyevin şərəfli ömür yolundan danışaraq, qəhrəmanların ölmədiklərini, daim qəlblərdə yaşadıqlarını bildirdi. O, qeyd etdi ki, hər il şəhidin doğum günü məktəbdə qeyd olunur. Bu tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edərək onların şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayır.

Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərdən danışıb, bu müqəddəs amal uğrunda neçə-neçə igid döyüşçünün öz canından, qanından keçdiyini vurğulayıb. Natiq qeyd edib ki, Vətən müharibəsi son 200 il ərzində xalqımıza qarşı yönəlmiş işğalçılıq siyasətinə son qoydu, 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə Azərbaycan son iki əsrlik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.

Sonra söz şəhidin bacısı Sevinc Allahverdiyevaya verildi. O, bütün iştirakçıları salamlayaraq Arif Allahverdiyevin uşaqlıq və gənclik illərindən danışdı. Qardaşının döyüşlərdə göstərdiyi igidliklərdən söz açaraq onunla fəxr etdiyini və belə tədbirin hazırlanmasına görə məktəbin direktoruna, müəllim kollektivinə və mərasimdə əməyi olan hər bir şəxsə minnətdarlıq etdi.

Digər çıxış edənlər Arif Allahverdiyev haqqında danışaraq belə oğullarımızla qürur hissi keçirdiklərini bildirdilər. Tədbir şagirdlərin hazırladığı əsrarəngiz səhnəciklərlə davam etdirildi. Bu səhnəciklərdə şagirdlərin vətənə, dövlətə olan məhəbbəti aydın görünürdü.