SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyi Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar insan ölümü və digər ağır nəticələrin qarşısının alınması sahəsində aktual problemlər” mövzusunda konfrans keçilib.
“İki sahil” xəbər verir ki, konfransda aidiyyəti üzrə dövlət qurumlarının məsul şəxsləri və digər natiqlər çıxış edərək bu sahədə mövcud problemlərin həlli məqsədilə konkret təkliflər irəli sürüblər. Məruzəçilər daxil olmaqla konfransda hibrid formada (Bakı şəhərində fəaliyyət göstərən məsul əməkdaşlar bilavasitə konfrans zalında, digərləri onlayn formada) “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində işləyən ümumilikdə 100-dən artıq əməkdaş iştirak edib.
Vurğulanıb ki, bu sahədə məsuliyyət tədbirləri ilə yanaşı, təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına xidmət edən preventiv, o cümlədən maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyəti vardır. Geniş fikir mübadiləsi şəraitində keçən konfransın nəticələrinə uyğun olaraq bu qəbildən olan tədbirlərin gələcəkdə də davam etdirilməsi qərara alınıb.