20 fevral 2024 16:43
608

Yeni tikili binalarda qiymət artımı gözlənilirmi? - Ekspert AÇIQLADI/ÖZƏL

Bu gün yeni tikilmiş hündürmərtəbəli yaşayış binalarında mənzillərin qiyməti kifayət qədər bahadır. Lakin buna baxmayaraq, bir çoxları məhz bu tikililərdən, əsasən də, tikinti işləri yeni başlamış binalardakı mənzilləri almağa üz tuturlar. Hətta xüsusilə binanın bönövrəsindəki mənzilə üstünlük verirlər. Görəsən bunun səbəbi nədir? 

Ümumiyyətlə, yaxın dövr ərzində bu binalarda qiymətlərin düşməsi və ya qalxması gözlənilirmi?

Əmlak eksperti Elnur Fərzəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, 90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanda, xüsusən də paytaxt Bakı və digər böyük şəhərlərdə çoxmənzilli yaşayış binalarının inşasına start verilib: “Bu günə qədər təkcə Bakı şəhərində 2000-dən artıq yeni tikili çoxmənzilli bina inşa olunaraq vətəndaşlara təhvil verilib. Bu proses təkcə Bakıda deyil, digər böyük şəhərlərdə də sürətlə davam edir. 30 illik dövr ərzində qiymətlərdə təxminən 10-15, bəzi ərazilərdə isə 25 dəfəyədək artımlar olub. Şəhərin mərkəzi ərazilərində təqribən 90-cı illərin əvvəllərində yeni tikilən binanın 1 kvadratmetri 350-400 manat təşkil edirdisə, hazırda həmin ərazilərdəki satış qiymətləri ortalama 3000-3500 manat təşkil edir. Qiymətlərin artması isə həm iqtisadi baxımdan, həm tikinti materiallarının qiymətinin dəyişməsindən, həm də böyük şəhərlərdə xüsusilə də Bakıda çoxmənzilli binaların inşa olunması üçün yararlı torpaq sahələrinin olmamasından qaynaqlanır. Təxminən 15-20 il bundan əvvəl mərkəzi ərazilərdə yeni tikili binaların inşası üçün yararlı olan torpaq sahələrinin bir sotu təqribən 10-20 min manat arası dəyişirdisə, hazırda bu rəqəm 50-200 min manatdır. Bir binanın inşası üçün normalda 1 hektar torpaq sahəsi tələb olunursa, təqribən 20-30 min kvadrat metrlik bina üçün minimum 5 milyon, maksimum 20 milyon manata qədər vəsait ödənilir. Bu da xərclərin çoxalmasına və qiymət artımına gətirib çıxarır. 

Tikinti şirkətləri əvvəlki illərdən fərqli olaraq artıq tikintinin maya dəyərini hesablayır və onların bəlli bir məbləğini bank depoziti olaraq qoyur. Bu isə artıq bir zəmanətdir ki, şirkət tikini başa çatdırmazsa, onların bank hesabındakı vəsaitlə tikinti digər şirkətlər tərəfindən davam etdirilə bilər

Ekspert qeyd etdi ki, binalar inşa olunarkən artıq ilk təməldən satışına başlanılır. Əvvəlki illərdə belə mənzillər inşa edilərkən bir çox neqativ hallar baş verirdisə, artıq son bir neçə il ərzində tikilən bütün binalara nəzarət daha da gücləndirilib. Üstəlik tikintilərlə bağlı bütün səlahiyyətlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib və bu məsələ ilə bağlı müəyyən qaydalarda dəyişikliklər olunub. Bundan əlavə, hündürmərtəbəli binaların inşa olunması üçün torpaq sahələri məhdudlaşdığına görə artıq tikinti şirkətləri köhnə çoxmənzilli yaşayış binalarını sökərək yerində yenilərini inşa edir. Binaların sakinlərinə də həmin binada mənzillər verir. Bu, həmin binalara nəzarəti daha da gücləndirir. Həmçinin, tikinti şirkətləri əvvəlki illərdən fərqli olaraq artıq tikintinin maya dəyərini hesablayır və onların bəlli bir məbləğini bank depoziti olaraq qoyur. Bu isə artıq bir zəmanətdir ki, şirkət tikini başa çatdırmazsa, onların bank hesabındakı vəsaitlə tikinti digər şirkətlər tərəfindən davam etdirilə bilər. Qiymətlərdəki artımlar hələ də davam edir. Torpaq sahələri tükəndikcə qiymətlərdə yeni artımlar da müşahidə oluna bilər. Eyni zamanda, tikintilərin sayının nisbətən azalması da tələbatı artırır və qiymət artımına səbəb olur. Vətəndaşlar əvvəllər olduğu kimi, bir çox hallarda tikilməkdə olan binalardan mənzillər alırlar. Belə binalardakı mənzillərin satış qiymətləri ilə hazır binalardakı mənzillərin satış qiymətləri arasında isə təqribən 25-40% arası fərq var. Yəni, tam tikilib təhvil verilmiş çıxarışlı mənzillərin kənar ərazilərdə kvadrat metri təqribən ortalama 2000 manat hesablanırsa, həmin binaların tikildiyi dövrdəki qiymətləri 1200-1400 manat arası dəyişir”. 

Sayalı Abasova, “İki sahil”