22 fevral 2024 00:11
475

Bakıda orta aylıq əməkhaqqı nə qədər olub?

Sənayenin inkişafı haqqında

Bu ilin yanvar ayında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,3 milyard manat təşkil edib. Sənaye məhsulunun 79,1 faizi mədənçıxarma, 18,3  faizi emal, 2,3  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 86 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,3 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 fevral  2024-cü il vəziyyətinə 438,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 65,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Tikintinin əsas göstəriciləri

2024-cü ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 79,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,6 faizini əsaslı təmir, 6,2 faizini cari təmir, 6,9 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 86 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Məhsul bazarı haqqında

Bu ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi 2023-cü ilin yanvar ayı ilə müqayisədə 7,4 faiz artaraq 2710 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 1463 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,3 faiz artaraq 1247 milyon manata bərabər olub. İstehlak məhsullarının 33,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

İctimai iaşə

Cari ilin yanvar ayında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10 faiz artaraq 77 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 56,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 73,3 faizini təşkil edib.

Ödənişli xidmətlər haqqında

Bu ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 523,1 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 510,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 97,6 faizini təşkil edib.

Əməkhaqqı

2023-cü ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artaraq 1183 manat təşkil edib.     

Bakı Şəhər Statistika İdarəsi