21 fevral 2024 23:22
546

Dövlət büdcəsindən ən çox hansı istiqamətlərə vəsait ayrılıb?

2023-cü il dekabrın 26-da Azərbaycan Respublikasının 2024-cü il büdcəsi təsdiqlənib. Dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 manat səviyyəsində proqnozlaşdırılır. Ötənilki dövlət büdcəsi ilə müqayisədə gəlirlərin 283 milyon manat (0.8 faiz), xərclərin 139 milyon manat (0.4 faiz) artması diqqət çəkir. Gəlirlər elə proqnozlaşdırılan həddə olsa, dövlət büdcəsində təxminən 2.6 milyard manatlıq profisit yaranacaq.

Cari ilin dövlət büdcəsində ən çox diqqət çəkən məqamlardan biri hərbi xərclərdəki artımdır. 2023-cü ilin dövlət büdcəsində “Müdafiə və milli təhlükəsizlik” başlığı ilə 6 milyard 54 milyon manat ayrılıb. Bu il həmin rəqəm 6 milyard 421 milyon manata yüksəlib, yəni, 367 milyon manat artıb. Başqa sözlə, 2024-cü ilin dövlət büdcəsindən xərclənəcək hər 100 manatın 17 manat 46 qəpiyi məhz müdafiə və milli təhlükəsizlik sahəsinə sərf ediləcək.

Ötən illə müqayisədə hərbi xərclərin tikinti xərclərini aşması diqqəti daha çox cəlb edir. 2023-cü ilin dövlət büdcəsindən “Tikinti və şəhərsalma” başlığı ilə 7 milyard 462 milyon manat ayrılmışdı. 2024-cü ildə bu rəqəm 6 milyard 309 milyon manat olacaq. 2023-cü ildə tikinti xərclərinin bu qədər çox olmasının bir səbəbi də neft qiymətlərinin hökumətin proqnozunu üstələməsi idi. Hökumət gözlədiyindən daha çox gəlir götürdüyündən ilin ortasında büdcəni yeniləmiş və əlavə vəsaitdən tikintiyə önəmli ayırma edilmişdi. Bu üzdən 2024-cü ildə enerji qiymətlərinin gözləniləndən çox olması tikintiyə ayrılan vəsaiti bir qədər artıra bilər. Builki büdcə hazırlanarkən 1 barel neftin orta satış qiyməti 60 dollardan götürülüb. 2024-cü ildə tikintiyə ayrılan 6 milyard 309 milyon manatın 3 milyard 825 milyon manatı işğaldan qurtulmuş ərazilərin bərpasına, 2 milyard 482 milyon manatı isə dövlət əsaslı investisiya qoyuluşlarına ayrılıb. Tikinti və şəhərsalma ilə bağlı xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17.16 faizi qədərdir.

Dövlət büdcəsində ən çox diqqətçəkən məqamlardan biri də dövlət borcu ilə bağlı nəzərdə tutulan ödənişlərdəki kəskin artımdır. 2024-cü ilin büdcəsindən dövlət borcuna 1 milyard 972 milyon manat ödəniləcək. Deməli, büdcədən xərclənən hər 100 manatın 5 manat 36 qəpiyi məhz dövlət borcuna sərf ediləcək. Ötənilki büdcədə borclarla bağlı ayrılan vəsait 1 milyard 182 milyon manat idi. Başqa sözlə, 2024-cü ildə 2023-cü illə müqayisədə büdcədən dövlət borcları üçün 790 milyon manat və ya 67 faiz daha çox vəsait ayrılıb.

2024-cü ildə yerli gəlir və xərclər arasındakı fərqi qapatmaq üçün ölkənin cəmi 7 rayon və şəhərinə vəsait ayrılıb. Bu rəqəm öncəki illərlə müqayisədə aşağı düşüb. Amma bu azalma heç də regionlardakı gəlirlərin artımından qaynaqlanmır, sadəcə hökumət əvvəllər yerli xərc saydığı bəzi xərc maddələrini bundan sonra mərkəzi büdcənin xərci saymağa başlayıb. Mərkəzi büdcədən vəsait alan rayonların da sayı azalıb. Rayonlar üzrə açıqlanan rəqəmlərdən görünür ki, bu il büdcədən xərclərini qarşılamaq üçün vəsait ayrılan rayonların 6-sı ərazisi işğala məruz qalan rayonlardır. Onlardan başqa, xərclərini yerli gəlirlər hesabına təmin edə bilməyən yeganə rayon Yardımlıdır.

Büdcədən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyada da kəskin azalma var. Əgər 2023-cü ildə dövlət büdcəsindən Naxçıvana 453 milyon manat ayrılmışdısa, 2024-cü ildə həmin rəqəm 343 milyon olacaq, yəni 110 milyon manat azalacaq. Azalmanın əsas səbəbi son zamanlar bəzi dövlət qurumlarının muxtar respublika nümayəndəliklərinin ləğv edilməsi, birbaşa mərkəzi icra hakimiyyəti orqanının tərkibinə keçirilməsidir.

Büdcə xərclərinin 12.37 faizi sayılacaq təhsil istiqamətinə ayrılan vəsait 4 milyard 550 milyon manatdır. Təhsilə ayrılan vəsait ötən illə müqayisədə 43 milyon manata yaxın artıb. Bu xərclərin içində ümumtəhsil ən çox paya sahibdir. Nəzərdə tutulan xərclərin yarısından bir qədər çoxu məhz məktəblərlə bağlıdır. Bu il 2023-cü ilin büdcəsi ilə müqayisədə məktəbəqədər və ümumi təhsilə daha çox, peşə, orta ixtisas və ali təhsillə bağlı isə daha az vəsait ayrılıb.

Bu ilin büdcəsində səhiyyə üçün nəzərdə tutulan vəsait 1 milyard 871 milyon manatdır. Bu, büdcənin 5.08 faizi deməkdir. Səhiyyə xərcləri 2023-cü illə müqayisədə cəmi 66 milyon manat çoxalıb. Səhiyyə ayırmaları içərisində əsas yeri icbari tibbi sığorta fonduna ayrılan vəsait tutur. Səhiyyə ilə bağlı xərclərin 74 faizi bununla bağlı olacaq.

Cavid Əkbərov, “İki sahil”