27 fevral 2024 14:23
415

Viktor Araqones: Orta Dəhlizidə vahid IT sistemi yaradılmalıdır

Hazırda Orta Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhatə edən vahid IT sistemi yoxdur və bu da müəyyən çətinliklərə yol açır.

“İki sahil” xəbər verir ki, bunu Dünya Bankının nəqliyyat sahəsi üzrə iqtisadçısı Viktor Araqones Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə deyib.

O bildirib ki, Orta Dəhlizin inkişafında infrastruktur məsələləri əhəmiyyətlidir, lakin bir sıra problemlər var ki, onların həlli infrastrukturla bağlı deyil: “Orta Dəhlizdə mövcud maneələri aradan qaldırmaq üçün əməliyyat səmərəliliyinə diqqət yetirilməlidir. Bizim müəyyən etdiyimiz əsas məqamlardan biri dəhlizin koordinasiyasıdır. Orta Dəhliz digərlərinə nisbətən daha mürəkkəb dəhlizdir. Bir çox tərəflər arasında koordinasiyanı təkmilləşdirməyə ehtiyac var. Təkmilləşdirilməsinə ehtiyac olan sahələrdən biri yüklərin dəmir yolu ilə limana, limandan gəmilərə daşınması arasındakı əlaqədir. Biz bilirik ki, bəzi hallarda avadanlıqların və ya limanın iş təcrübəsinin dəyişdirilməsi, modernləşdirilməsi mümkündür. Bu da problemin bir hissəsini həll etməyə kömək edir”.

Problemlər sırasında sərhəd keçidi zamanı gecikmələrin olduğunu deyən iqtisadçı bütün dəhlizi əhatə edən rəqəmsal platformanın olmamasını da diqqətə çatdırıb: “Biz Orta Dəhlizə iqtisadi yöndən baxmalıyıq. Bu problemlərin həlli dəhlizin iqtisadi potensialını artıracaq və daha rəqabətli edəcək. Biz problemlərin həlli ilə bağlı 5 tövsiyə vermişik”.